İtaliyanın nüfuzlu “ANSA” xəbər agentliyinin internet səhifəsində Səfir Fuad İsgəndərovun müsahibəsi dərc olunmuşdur
Əsas mövzusu Cənub Qaz Dəhlizi layihəsi olan müsahibədə Səfir F.İsgəndərovun layihənin hazırki durumu və gələcəyi, eləcə də ümumilikdə ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri barədə fikirləri yer almışdır.
Müsahibədə Azərbaycan qazının ilk kubmetrlərinin 2020-ci ildə Avropaya çatdırılacağını qeyd edən Səfir F.İsgəndərov, qaz borusunun yekun nöqtəsi olan İtaliyanın Leççe vilayətinin San Foka məntəqəsində ətraf mühitinin qorunması xüsusunda narahatlıqlarla bağlı problemin müvafiq hakimiyyət orqanları tərəfindən tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirmiş, irimiqyaslı layihələrin həyata keçirilməsində bu kimi məqamların yaranmasının ilk hal olmadığını vurğulamışdır.
Jurnalistin beynəlxalq enerji bazarında Azərbaycanın rəqabət qabiliyyəti ilə bağlı sualına cavab olaraq Səfir F.İsgəndərov Azərbaycanın heç kəslə rəqabət aparmadığını önə çəkmiş, Cənub Qaz Dəhlizini layihəsinin maliyyə məsələləri ilə bağlı qərarların artıq qəbul edilməsini müsbət hal kimi səciyyələndirmişdir.
O, habelə Şimal –Cənub nəqliyyat dəhlizi layihəsinin önəmini vurğulamış və bu xüsusda, Azərbaycan, Rusiya və İran Prezidentlərinin Bakıda keçirilmiş görüşünü xatırlatmışdır.
Sonda Səfir F.İsgəndərov 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, qaz borusunun işğal edilmiş ərazilərə yaxın məntəqələrdən keçəcəyini qeyd etmiş və Cənub Qaz Dəhlizi layihəsinə ən ciddi təhlükənin elə buradan gələ biləcəyinə dair narahatlığını ifadə etmişdir.