2016-12-12

Səfirlikdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

12 dekabr 2016-cı il tarixində Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, NATO Yanında Daimi Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılmışdır. 

Mərasimdə çıxış edən Səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirmiş, Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu vurğulamış, gənc nəslin nümayəndələrinə Ulu Öndərin zəngin irsini dərindən öyrənməyi tövsiyə etmişdir. 

Daha sonra Azərbaycanın NATO Yanında Daimi Nümayəndəsi Xəzər İbrahim çıxış edərək,  Azərbaycanın müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını və möhkəmləndirildiyini bildirmiş, dünya dövlətləri içərisində ölkəmizin güclü ölkə və etibarlı tərəfdaş kimi tanınmasında Ulu Öndərin əvəzsiz rolu olduğunu diqqətə çatdırmışdır.

Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik bildirmişlər.

Arxiv üzrə axtarış