Vaterlo Tarixi Filmlər Festivalında Azərbaycan haqqında film nümayiş etdirilmişdir
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində 2016-cı il oktyabrın 21-də Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilmişdir.
Gecədə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov ölkəmizin öz müstəqilliyini bərpa etdiyi vaxtdan ötən müddət ərzində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat vermiş, Azərbaycan və Belçika arasındakı çoxşaxəli əməkdaşlığın mövcud olduğunu və hər iki tərəfin bunu daha da inkişaf etdirmək əzmində olduğunu bildirmişdir.
Tədbir zamanı, Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilmişdir. Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanmış və alqışlarla müşayiət olunmuşdur.
Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilmişdir.