2016-10-20

Səfir Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubu qarşısında "Multikulturalizm" mövzusunda təqdimatla çıxış etmişdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, 20 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri cənab Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubu qarşısında mövzu üzrə təqdimatla çıxış etmişdir.

Təqdimat zamanı səfir Fuad İsgəndərov Klub iştirakçılarına Azərbaycanda mövcud olan çoxəsrlik dözümlülük mühiti, ölkəmizin sivilizasiyaların kəsişdiyi məkanda tutduğu mövqe, beynəlxalq müstəvidə mədəniyyət və dinlərarası dialoqa verdiyi töhfə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermişdir. Səfir habelə, ölkəmizin geosiyasi mövqeyi, regionda baş verən proseslər və bu proseslərin ölkəmizə təsirindən bəhs etmiş, Azərbaycanın tarixi, eləcə də müasir dövlətçiliyinin keçməkdə olduğu inkişaf yolu haqqında ətraflı danışmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçıları məlumatlandıran Səfir münaqişənin tezliklə sülh yolunu ilə həll ediləcəyinə inamıni ifadə etmişdir. O habelə, ölkəmizin iqtisadi potensialı, iştirak etdiyi beynəlxalq enerji və infrastruktur layihələri, Bakının ev sahibliyi etdiyi  böyük beynəlxalq tədbirlər, eləcə də  ölkəmizin turizm imkanlarına toxunmuşdur.

Təqdimatdan sonra Klub üzvlərinin Azərbaycanda mövcud olan multikulturalizm mühiti, təhsil sistemi, milli iqtisadiyyatın  müxtəlif sahələri, ölkəmizə səyahət imkanları barədə sualları cavablandırılmışdır.

Daha sonra Azərbaycanla bağlı film nümayiş etdirilmişdir. 

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Qadınlar Klubu bir çox Avropa ölkələrində fəaliyyət göstərir. Brüssel Beynəlxalq Qadınlar Klubu 1981-ci ildən yaradılmışdır. Üzvləri arasında müxtəlif ölkələrdən olan qadınların təmsil olunmasına diqqət edilir. Klub xeyriyyə tədbirləri təşkili də daxil olmaqla müxtəlif sosial fəaliyyətlər həyata keçirir, müxtəlif dərnək və kurslar, eləcə də tanışlıq məqsədilə Belçikanın daxilində, eləcə də xarici ölkələrə səfərlər təşkil edir.

Qeyd etmək istərdik ki, təqdimat iştirakçılar arasında maraqla qarşılanmış, növbəti ildə Klubun tanışlıq səfərlərindən birinin birinin Azərbaycana təşkil edilməsi məsələsi müzakirə olunmuşdur.

Arxiv üzrə axtarış