2016-10-06

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Brüssel-Paytaxt Regionu Parlamentində və Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunda görüşlər keçirmişdir

Belçikada səfərdə olan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov 2016-cı il oktyabrın 6-da Brüssel-Paytaxt Regionu Parlamentinin rəhbərliyi ilə görüş keçirmiş və onların şərəfinə verilmiş işçi naharda iştirak etmişlər. 

Aparılmış müzakirələr çərçivəsində icma üzvləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, işğal edilmiş torpaqlardan qovulmuş azərbaycanlıların pozulmuş hüquqları barədə qarşı tərəfə ətraflı məlumat vermiş, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək amil olaraq Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırmışlar. Bu xüsusda, iki icma arasında belə təmasların məhz Brüssel şəhərində təşkil edilməsində yardım xahiş edilmişdir.   Habelə, Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanmış və belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında Parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilmişdir. 

Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı icma üzvləri öz tədqiqatlarında Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə İnstitut rəhbərliyinə təşəkkür etmiş, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasını xahiş etmişlər. Habelə, İnstitutun Avropada nüfuzlu tədqiqat mərkəzlərində biri olaraq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülmüşdür. 

Keçirilmiş görüşlərdə həmsöhbətlər edilmiş müraciətləri nəzərdən keçirəcəklərini və Azərbaycan tərəfi ilə mövzu üzrə müzakirələri davam etdirəcəklərini vəd etmişlər.

Arxiv üzrə axtarış