2016-06-06

Səfir Fuad İsgəndərovun "Diplomat Magazine" jurnalında məqaləsi dərc edilmişdir

Baş ofisi Haaqa şəhərində yerləşən Benelüks ölkələri və Aİ institutları üçün yayımlanan “Diplomat Magazine” jurnalında səfir Fuad İsgəndərovun “Uzun müddətli təhlükəsizlik çağırışları Avropa ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz” başlıqlı məqaləsi dərc olunmuşdur.

 

Məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizində tutduğu  geostrateji mövqedən bəhs edilir. Bildirilir ki, Azərbaycan Şərq və Qərb arasında yalnız ticarət və nəqliyyatın inkişafına deyil, sivilizasiyaların qovuşmasında da körpü rolunu oynamışdır. Azərbaycanın bölgədə tarixən oynadığı bu rol müxtəlif etnik və dini azlıqların ölkdə sülh və əmin-amanlıq şəraitində yaşamasına və multikulturalizm dəyərlərinin inkişafına imkan yaratmışdır. Bu gün Azərbaycanda multikulturalizm və dini dözümlülük cəmiyyətin həyat tərzidir.    

 

Hazırkı dövrdə Azərbaycan Şərq-Qərb dəhlizinin əhəmiyyətini Bakı – Tbilisi – Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı – Tbilisi – Qars və yaxın gələcəkdə reallaşacaq Cənub Qaz Dəhlizi kimi irimiqyaslı transregional layihələrlə gücləndirir. Bu isə öz növbəsində Azərbaycanın Avro-atlantik strukturlarla əməkdaşlığının artırılmasına təkan verir. Azərbaycan Avropa İttifaqının (Aİ) digər qonşularından fərqli olaraq Aİ ilə münasibətlərində problem yaradan ölkə deyil, əksinə Aİ-nin strateji maraqlarının təmin olunmasına töhfə verən etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya alternativ qaz həcmlərinin nəqli perspektivləri ilə məhdudlaşmır. Azərbaycan radikalizm, dini ekstremizm və insanlıq əleyhinə cinayətlərə gətirib çıxara bilən müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizə sahəsində Aİ ilə birgə çalışmağa hazırdır. Qeyd edilir ki, bu təhdidlərlə mübarizə dini dözümlülük və multikulturalizm kimi fundamental dəyərlərin pozulması ilə müşayiət olunmamalıdır. Bu gün terrorizmə qarşı mübarizə adı altında Avropa siyasi dairələrində artan islamafobiya Aİ ilə müsəlman dünyası arasında qarşıdurma riski yaradır. Azərbaycan əsrlər boyu multikulturalizm dəyərlərinə malik ölkə kimi bu təhdidin aradan qaldırılmasında Aİ ilə əməkdaşlıq etməyə hazırdır. 

 

Məqalədə bildirilir ki, yeni geosiyasi proseslər və Aİ qonşuluğunda müşahidə olunan mürəkkəblik Aİ və Azərbaycan arasında gələcək münasibətlərin formalaşmasına öz təsirini göstərir. Təcrübə onu göstərmişdir ki, illüziyalar üzərində qurulmuş yanaşma tərəflər arasında yaxınlaşmaya xidmət etməmişdir. Məhz bu baxımdan, Azərbaycan Aİ ilə yeni hüquq öhdəlikli ikitərəfli sənəd üzərində işləməyə başlamışdır. Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşması ikitərəfli münasibətlərdə qarşılıqlı asılılığı artıracaq və tərəflər arasında siyasi dialoq və ticarət münasibətlərinin genişləndirilməsinə xidmət edəcəkdir.

 

Səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalını regional təhlükəsizliyə təhdid kimi vurğulayır. Bu xüsusda, cari ilin aprel ayında qoşunların təmas xəttində baş vermiş hərbi qarşıdurmaya toxunulur və onun məhz həmin dövrdə baş verməsinin səbəbləri açıqlanır. Bildirilir ki, aprel hadisələrindən öncə yüksək vəzifəli Aİ rəsmiləri, o cümlədən Avropa Komissiyasının iki vitse-prezidenti Azərbaycana eyni vaxtda səfər edir, Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı müsbət ismarıclar verilir. Azərbayncan Cənub Qaz Dəhlizinin digər mühüm komponenti olan TAP layihəsinin təməlqoyma mərasiminə hazırlaşdır. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti ABŞ-a uğurlu səfər edir və ölkəmiz ABŞ tərəfindən regional təhdidlərlə mübarizədə mühüm tərəfdaş kimi qiymətləndirilir. Bu gedişatlara cavab olaraq Ermənistan silahlı qüvvələri münaqişə tarixində misli görünməmiş təxribatlara əl atırlar. 

 

Bilidirilir ki, regionda sülh və sabiltiyin bərqərar olunması üçün münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamentinin qətnamələri icra olunmalıdır. İşğalçı qoşunlar Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmalı, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtma hüququ təmin olunmalıdır. Ermənistanın bu istiqamətdə atacağı addımlar Cənubi Qafqazda regional əməkdaşlığın inkişafı və bu ölkənin mövcud və gələcək trans-regional layihələrdə iştirakı üçün əlverişli zəmin yaradacaqdır. Cənubi Qafqaz Aİ-yə yaxın bölgədir və bu şəraitin yaradılması Aİ-nin də marağında olmalıdır.

 

Səfir qeyd edir ki, uzun müddətdir davam edən təhlükəsizlik təhdidləri Azərbaycanın Aİ ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz.  

Arxiv üzrə axtarış