2016-02-25

“Sonsuz dəhliz” filmi Brüsseldə nümayiş etdirilib

Bakı, 25 fevral, AZƏRTAC

Belçikanın paytaxtı Brüssel şəhərindəki “BOZAR” Təsviri İncəsənət Mərkəzində ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Endless corridor” (“Sonsuz dəhliz”) müstəqil sənədli filminin premyerası keçirilib.

Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilib. Anım gecəsi 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilib.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ölkələri üzrə direktoru Mark Vervilgen deyib: “TEAS Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası 2008-ci il mayın 8-də başlanıb. Bu kampaniyanın qısa müddət kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstəkdir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub”.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov 1992-ci ilin fevral ayında baş vermiş Xocalı qətliamının bəşər tarixində ən dəhşətli kütləvi insan qırğını olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib: “Biz bu münaqişənin sülh yolu ilə həll olunacağına inanırıq və ümid edirik ki, beynəlxalq ictimaiyyət onun həllində səylərini davam etdirəcək”.

Səfir vurğulayıb ki, Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında qalması səbəbindən azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və 22 il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara baxmayaraq, hələ də irəliləyiş yoxdur.

“Sonsuz dəhliz” filminin qəhrəmanı litvalı jurnalist Riçard Lapaitis deyib: “Bu gün Xocalı faciəsindən 24 il ötür. Belə oldu ki, mən 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş hadisələrin şahidi oldum. Həmin vaxt erməni hərbi qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin mülki əhalisinə hücum edib.

“Sonsuz dəhliz” filminin adı yalnız Ermənistanın dəhşətli hərbi planının detallarını tam ifadə etmir. Eyni zamanda, Xocalı üçün ədalətin hələ də əldə edilmədiyini bildirir. Mən bu gecə Brüsseldə Xocalı üçün şahidlik etmək şərəfinə nail olmuşam. İyirmi beş ildir ki, hərbi jurnalist kimi çalışıram və indiyədək Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkün və qaçqınlarla fəal işləyirəm”.

Tədbirin bədii hissəsi azərbaycanlı skripkaçı, solo ifaçı Nəzrin Rəşidovanın klassik musiqi ifası ilə davam edib.

Arxiv üzrə axtarış