2015-12-12

Səfirlikdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

11 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Brüsseldəki Səfirliyində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı və NATO Yanında Daimi Nümayəndəlikləri və yerli diaspor təşkilatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

Mərasimdə çıxış edən Səfir Fuad İsgəndərov Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu bildirib. O, bugünkü güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu, Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin qısa bir zamanda sürətlə inkişaf etdiyi və Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini vurğulayıb.

Daha sonra Azərbaycanın NATO Yanında Daimi Nümayəndəsi Xəzər İbrahim çıxış edərək,  Azərbaycanın müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlandığını və möhkəmləndiyini bildirmiş, dünya dövlətləri içərisində ölkəmizin tanınmasında əvəzolunmaz rolu olduğunu diqqətə çatdırıb.

Mərasimin sonunda yeni yaradılmış ECAF – “European Centre of Azerbaijani Friends” təşkilatının dəstəyi ilə, ilk dəfə flamand dilində dərc edilmiş, tanınmış tədqiqatçı Jack Kroesin müəllifi olduğu Azərbaycan haqqında kitabın təqdimatı keçirilib. Təqdimatın məhz Ümummilli Liderin anım günündə təşkil edildiyini vurğulayan Səfir Fuad İsgəndərov, Heydər Əliyev kimi tarixi şəxsiyyətin irsi barədə bir çox dünya xalqlarının məlumatlı olduğunu bildirmiş, Ulu Öndərin şah əsəri olan müasir Azərbaycan haqqında müfəssəl məlumatlardan artıq flamand və holland oxucularının da bəhrələnə biləcəklərini qeyd etmişdir.

Arxiv üzrə axtarış