2015-11-30

Səfir Fuad İsgəndərovun EurActiv xəbər portalında dərc olunmuş müsahibəsi

Qeyri-rəsmi tərcümə



Avropa Parlamenti keçən sentyabr ayında çox sərt qətnamə qəbul etdikdən sonra Aİ-Azərbaycan münasibətləri gerilədi. Bundan sonra nələr baş verib?

Azərbaycan hətta Avropa Parlamentinin qətnaməsindən əvvəl, Riqa sammiti zamanı Aİ-Azərbaycan münasibətlərinin gələcəyinə dair öz aydın və qəti mövqeyini bildirmişdir. Biz hər iki tərəfin bərabər tərəfdaşlığı və əməkdaşlıq üçün birgə razılaşdırılmış prioritetlərə xidmət edəcək ikitərəfli əməkdaşlıq formatına diqqət mərkəzində saxlamağa davam edirik.

Təəssüf ki, Riqadan sonrakı dövrdə ikitərəfli əməkdaşlığa mənfi təsir göstərən bəzi meyllər özünü təkrarlamışdır. Biz həmişə hətta tənqidi tərkibdə konsturktiv dialoq tərəfdarı olmuşuq və beləliklə, davamlı olaraq Aİ tərəfini birtərəfli bəyanatlar və qətnamələrdən imtina etməyə təşviq etmişik. Təəssüf ki, bəzi Aİ institutları konstruktiv dialoqu mühazirətipli monoloqa çeviribdir. Ancaq biz şagird deyilik. Bu səbəbdən, Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin hazırkı tərkibi ilə əməkdaşlığı tamamilə dayandırmaq və Avronest Parlament Assambleyasından çıxarmaqla bağlı qərar qəbul etdi. Həmçinin bu Azərbaycan Hökumətinin Strateji Tərəfdaşlıq Müqavilə layihəsinə dair məsləhətləşmələrin təxirə salınmasına səbəb oldu.

Qətnamədən söz düşmüşkən, ən böyük siyasi qrup olan Avropa Xalqları Partiyasının böyük hissəsi sözügedən qətnaməyə qarşı səs verməsi diqqətimi çəkir. Qısaca təsvir etsək, Sosial Demokratlar, Liberallar və Yaşıllar lehinə, AXP isə əleyhinə səs verib. Eşitdiyimə görə, səsvermədən sonra, AXP qrupu daxilində “biz sadəcə bir ölkəni itirdik” kimi fikirlər səslənib. Sizcə, Parlamentin prezidenti Martin Şultz buna görə məsuliyyət daşıyırmı?

Qəribədir ki, Azərbaycan AXP və Sosial-Demokratlar arasındakı böyük koalisiyanı parçalaya biləcək bir məsələyə çevrilib. Mən həqiqətən təəccübləndim, ancaq bəli, burada üzərində düşünülməli məqamlar var.

Avropa qonşuluğundakı hazırkı gedişatlar göstərir ki, bu dünyada heç kim mükəmməl deyil. Bizim Aİ tərəfdaşlarımızın süni şəkildə şişirdilmiş səbəblərlə bağlı öz birtərəfli qətnamə və bəyanatlarını təkrarlamaqla Azərbaycanı gözdən salmaq üçün bütün fürsətlərdən istifadə etdiyi bir dövrdə, Avropanın siyasi paytaxtı qitənin ən təhlükəli şəhərlərindən birinə çevrilməkdədir və axışan minlərlə qaçqınlar İkindi Dünya müharibəsindən sonra ən böyük fəlakətə olmuşdur. Lakin Aİ üçün bu çətin vaxtda, Azərbaycan Hökuməti və Milli Məclisi bir milyondan çox qaçqın və məcburi köçkün olması və 2000-dən artıq vətəndaşının terror qurbanı olmasına baxmayaraq, bu və ya digər problemləri Aİ institutlarını gözdən salmaq, həddən artıq tənqid etmək və ya onlara mühazirə demək məqsədilə istifadə etməmişdir. Keçmişə nəzər salsaq, bunun tamamilə əksinə olduğunu görərik. Əslində, 11 sentyabr faciəsindən sonra olduğu kimi, ənənəvi dünyəvi müsəlman cəmiyyətinə malik Azərbaycan terrorizmə qarşı mübarizə üçün öz əxlaqi, siyasi və hərbi iradəsini səfərbər edən ilk ölkələrdən olmuşdur. Həmişə etdiyimiz kimi, biz indi də Avropalı dostlarımıza kömək etməyə hazırıq.

Lakin bir diplomat kimi bilirsiniz ki, Avropa Parlament digər Aİ insitutlarından fərqlidir. Avropa Komissiyasının Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi ilə bağlı son kommunikasiya sənədi ilə Azərbaycanın istəklərinə cavab verdiyini düşünürəm. O qonşuluğunda olan ölkələrə münasibətdə daha çevik, daha fərqləndirici yanaşma qəbul etmişdir…

Biz Aİ-nin tərəfdaş ölkələrlə münasibətinə dair planlarını müəyyən etmək imkanı verən Avropa Qonşuluq Siyasətinin Nəzərdən keçirilməsi barədə Birgə Kommunikasiyanı qeydə aldıq. Biz həm də Aİ-nin gələcəkdə Aİ və Azərbaycanın birgə necə işləyə bilməsi istiqamətində ikitərəfli müzakirələrə girmək istəyini də qeydə aldıq. Məsləhətləşmələr zamanı Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi barədə təqdim etdiyimiz baxış gələcək ikitərəfli danışıqlarda bizim mövqeyimizdə aparıcı rolunu qoruyub saxlayacaqdır.

Biz aydın şəkildə qəbul edirik ki, bəzi məsələlərdə güzəşt ola bilməz. Şərq Tərəfdaşlığının bəzi ölkələri hərbi işğal, etnik təmizləmə və insanların məcburi yerdəyişməsi ilə nəticələnmiş, xaricdən diktə olunan hərbi münaqişələr və ərazi iddiaları ilə üz-üzədir. Bu münaqişələr suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı xüsusi qeyd olunmaqla, beynəlxalq hüququn fundamental normal və prinsiplərinin, həmçinin insan hüquqlarının açıq şəkildə pozulmasına səbəb olmuş və indi də olmaqdadır. Bu prinsiplər bizim Aİ və digər tərəfdaş ölkələrlə münasibətlərimizin özəyidir və belə də qalacaqdır. Beləliklə, Avropa Qonşuluq Siyasət, onun alətləri və məqsədləri bu prinsiplərə hörmət olunmasını aydın şəkildə əks etdirməli və gücləndirməlidir. Lakin təəssüflər olsun ki, keçmiş Avropa Qonşuluq Siyasətinin icrası zamanı bu baş verməmişdir. Gəlin, Riqa sammitini misal kimi götürək. Sammitdə biz gördük ki, birgə sənədlərin hazırlanmasında ikili standartlar yanaşması necə Avropa Qonşuluq Siyasətinin əməkdaşlıq alətləri və mexanizmləri barədə məyusluq, hətta ruh düşkünlüyü yarada bilər. Riqa Sammiti bu prinsiplərin pozulmamasına kölgə salınmasına cəhd etdi. Azərbaycan Şərq Tərəfdaşlığı ilə bağlı gələcəkdə nə baş verməsindən asılı olmayaraq, hələ də gözləyir ki, Aİ hamıya münasibətdə, bir də vurğulayıram, seçilmiş olanlara yoxu, Şərq Tərəfdaşlığında davam edən bütün münaqişələrə münasibətdə özünü beynəlxalq hüquq prinsiplərinə tam dəstək və verən və hörmət edən tərəf kimi təsdiqləyəcəkdir. Əgər biz Avropa Qonşuluq Siyasətində işləyən və etibarlı format olmasını istəyiriksə, sadəcə olaraq, bizə münasibətdə ikili standartlara yer olmamalıdır.

Texniki olaraq müharibə vəziyyətində olduğunuz qonşunuz var. Ölkənizə qarşı mənfi  kampaniyanın arxasında Ermənistanın olduğunu düşünürsünüzmü?

Əlbəttə Ermənistan da bu kampaniyanın arxasındadır, lakin Ermənistan heç də müstəqil ölkə deyil. Biz bəzi qüvvələrin Azərbaycanın Avropa perspektivlərindən uzaqlaşdırmağa çalışdığını hiss edirik. Əgər Azərbaycan siyasi istiqamətdən daha çox iqtisadi yöndə Avropaya doğru addımlayırsa bu Ermənistan tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Çünki Ermənistan bu regionda tək qalacaqdır. Türkiyə Avropa İtiifaqına namizəd ölkədir, Gürcüstan assosiativ üzvüdür, əminəm ki, Azərbaycan da Aİ-nin strateji tərəfdaşı olacaqdır. Bu halda Ermənistanın Avropa üçün əhəmiyyəti nə ola bilər?

Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi üzrə müraciətdə Şərq tərəfdaşlığına üzv ölkələrdən üçünün adı qeyd edilmiş, lakin digər üç ölkənin adı qeyd edilməmişdir. 20 səhifəlik uzun sənəddə adları qeyd olunan ölkələr Ukrayna, Moldova və Gürcüstan, adları qeyd olunmayanlar isə Azərbaycan, Ermənistan və Belarusdur. Bununla əlaqədar nə deyə bilərsiniz?

Təsnifatlar aparmaq  Aİ-yə məxsus bir cəhətdir. Bizim üçün bu bir yarış deyil və biz heç kəslə rəqabət aparmırıq. Biz öz yolumuzla irəliləyirik. Nə Avropa Qonşuluq Siyasəti, nə də Şərq tərəfdaşlığı Proqramı Aİ, Aİ-yə üzv ölkələr və Azərbaycan arasında həqiqi ikitərəfli əməkdaşlığı əvəz edə bilməz. Gəlin razılaşaq ki, Aİ ilə əlaqələr yaratmaq üçün Avropa Qonşuluq Siyasəti və Şərq tərəfdaşlığı Proqramı ilə kifayətlənməyə ehtiyac yoxdur. Biz özümüzü yalnız bununla çərçivələmək istəmirik.

Bizim yanaşmamız tamamilə fərqlidir. Biz Cənub Qaz Dəhlizinə doğru irəliləyirik, TANAP layihəsinin 50%-dən çox hissəsi  (Cənub Qaz Dəhlizinin Türkiyə ərazisindən keçən hissəsi) artıq hazırdır və ticarət dövriyyəmizin 50%-dən çoxu Aİ ilə aparılmaqdadır. Biznes əlaqələrimiz doğru istiqamətdə hərəkət etməkdədir. Umidvaram ki,  Cənub Qaz Dəhlizi 2019-2020-ci il üçün tam həyata keçəcəkdir. Aİ arenasındakı bəzi qüvvələr üçün bu kimi ssenarilərin qarşısını almaq üçün bu son fürsətdir. Lakin mən tam əminəm ki, bu oyun Avropanın və yaxşı qonşuluq əlaqələrinin maraqlarında deyil.

Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməyən varsa bu əlbəttə ki, Rusiyadır…

Biz Avropa İtiifaqını enerji ilə təchiz etmək məsələsində heç kəslə, xüsusilə Rusiya ilə rəqabət aparmırıq. Rusiya onillərdir ki, öz iri həcmli layihələri ilə Avropadadır və hələ də yeni ideyalarla çıxış etmək arzusundadır. Rusiya Avropaya , xüsusən Almaniyaya təbii qazın ən iri təchizatçısıdır. Onun həcmi bizim potensialımızdan 10 dəfə artıqdır. Biz həcm uğrunda rəqabət aparmırıq, Avropanı Rusiyadan aldığı həcmin yalnız 10%-i ilə təchiz etməyi planlaşdırırıq. Lakin burada Norveç, Əlcəzair və s. kimi digər iri təchizatçılar da mövcuddur. Odur ki, kimsə Azərbaycanın Rusiya ilə rəqabət apardığını iddia edərsə, o zaman yanlış olaraq onun digər böyük təchizatçılarla da rəqabət apardığını söyləmiş olar. O zaman bu, Azərbaycanın mövcud olan bütün təchizatçılarla rəqabət aparmaq istədiyi anlamına gəlir. Bu çox primitiv yanaşmadır və reallığı əks etdirmir. Bizim məqsədimiz bazara çıxışı təmin etmək və enerji təchizatımızın ticari baxımdan əlverişli modelini yaratmaqdır. Yeri gəlmişkən, təchizatın bir qismi yalnız Azərbaycan tərəfindən yox, həmçinin çoxmillətli şirkətlər tərəfindən də həyata keçirilməkdədir.

Bu məsələ siyasiləşdirilməməlidir. Bizim üçün bu yalnız işdir. Ola bilsin ki, Aİ-də kimlər üçünsə bu siyasi bir məsələ, siyasi maraqların toqquşmasıdır. Lakin bizim üçün bu belə deyil.

Əgər bu yalnız biznesdirsə, Azərbaycanın Avropa ilə bağlı siyasəti nədən ibarətdir?

Qısası - gələcək perspektivlər yaratmaq və hazırki çətinlikləri aradan qaldırmaq. Səfir olaraq ilk növbədə mən, starteji tərəfdaşlıqla nəticələnməli olan həqiqi və sarsılmaz iqtisadi əlaqələrə əsaslanan çox güclü, dərin və gələcəyə istiqamətlənmiş Aİ və Azərbaycan əlaqələrini möhkəmləndirməyə cavabdehəm. Bu perspektivlərə aiddir.

Bildiyimiz kimi, terrorizmin yaratdığı çətinlik və təhlükələr daha çox Aİ-yə qonşu ölkələrdə müşahidə edilməkdədir. Biz təcrübələrdən çox şey öyrənirik, lakin bu faciələr bizi yalnız baş verdikdən sonra ayıltmamalı və çətinliklərin nə dərəcədə ciddi olduğununun fərqinə yalnız indi varmamalıyıq. Bəs öncəki Avropa Qonşuluq Siyasətində problem nədən ibarət idi və çatışmazlıqların təhlili hansı səbəbdən bu qədər gec aparıldı? Avropa Qonşuluq Siyasətinin, xüsusən şərq aspektinin yenidən nəzərdən keçirilməsi məsələsinin illər öncə, hətta Aİ tərəfindən qərara alınmazdan öncə  ilk olaraq Azərbaycan tərəfindən təklif edildiyini vurğulamaq istərdim.

Bu təcrübədən çıxış edərək, qeyd etmək istərdim ki, Avropa Qonşuluq Siyasətinin yenidən nəzərdən keçirilməsi Azərbaycan üçün ilk növbədə layihəsini bu ilin may ayında Avropa Komissiyasına təqdim etdiyimiz strateji əməkdaşlıq üzrə sazişə əsaslanacağı halda nəzərəçarpan ola bilər. Biz bu məsələnin müzakirələrinə danışıqların perspektivləri və nəticələri ilə bağlı müəyyənlik yarandıqdan sonra davam edə bilərik.

Ancaq təbii ki, sizin tərəfdən islahatlar sahəsində görülməli çox işlər var…

Biz bunun üzərində işləyirik. Lakin əgər siz bunu Azərbaycanın kənar təzyiqlər altında etdiyini düşünürsünüzsə, bu tamamilə yanlış yanaşmadır. Məsələn, bu yaxınlarda Azərbaycanda korrupsiya və saxtakarlıq səbəbi ilə onlarla vəzifəli şəxs həbs olundu. Bu nəyin göstəricisidir? Bu onu göstərir ki, Azərbaycan öz iradəsi ilə islahatlar keçirməyə və özünü mənfiliklərdən arındırmağa qadirdir. Mən öz Aİ-dəki dostlarımdan soruşmaq istərdim: Əgər Azərbaycan bunu edə bilirsə, bəs nəyə görə Aİ öz institutlarını zəlilərdən təmizləyə bilmir? Korrupsiya skandalları, vəzifəli şəxslər tərəfindən pul mənimsəmələri, jurnalistlərə qarşı həddindən artıq güc tətbiq edilməsi, ksenofobiya, islamofobiya, bütün institutlarda geniş yayılmış lobbiçilik fəaliyyətləri hazırda Avropada da müşahidə olunmaqdadır. Lakin biz bəzi Aİ institutlarının bizə münasibətdə etdikləri kimi “adlandır və utandır” yanaşması ilə müdaxilə etmirik. Etmək istədiyimiz yeganə şey xüsusən Avropa üçün belə çətin zamanlarda Aİ-yə yaxın olmaqdır. 

Hazırkı vəziyyətdə Aİ ilə yaxın münasibətlər sizin həyatınızı daha da çətinləşdirə bilər…

Bəlkə də. Azərbaycan bir çox Avropa ölkələrindən daha təhlükəsizdir. Bu vəziyyətdə, biz Qərbdən olan tərəfdaşlarımızın terrorizmə qarşı fəaliyyətlərinə tam, real və aydın dəstəyimizi göstəririk. Dünyanın bu cür qarışıq regionunda yerləşən gənc, dünyəvi müsəlman dövlətinə bu çətindir. Lakin bu bizim seçimimizdir. Dostluq, vəziyyətdən asılı olaraq, yarı dolu və ya yarı boş olan bir qab deyil. O həmişə tam inam və etibara əsaslanmalıdır. Bu bizim yanaşmamızdır. Biz Avropalı tərəfdaşlarımızdan eyni yanaşmanı gözləyirik.

Arxiv üzrə axtarış