2015-04-30

Belçika şirkətləri Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar

Bakı, 29 aprel, AZƏRTAC

 

Belçika şirkətləri Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər aprelin 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə Belçika Krallığı federal hökumətinin xarici ticarət üzrə dövlət katibi, Baş nazirin keçmiş müavini və keçmiş müdafiə naziri Piter de Kremerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə səsləndirilib.

R.Abdullayev qonaqlara SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.

Belçika hökumətinin xarici ticarət üzrə dövlət katibi Piter de Kremer SOCAR-ın regionda həyata keçirdiyi layihələr haqqında məlumatlı olduqlarını və şirkətin bu istiqamətdə fəaliyyətini dəstəklədiklərini qeyd edib. O, Belçikada enerji sektorunda fəaliyyət göstərən və bu sektorla əməkdaşlıq edən çoxlu sayda şirkətin olduğunu, bu şirkətlərdən bir çoxunun hazırkı nümayəndə heyətində təmsil edildiklərini söyləyib. Belçika şirkətlərinin təmsilçiləri isə Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib, müxtəlif təkliflər səsləndiriblər.

SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda xarici investisiyaların qorunduğunu və təşviq edildiyini, əməkdaşlıq üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb və xarici sərmayələrin iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Sumqayıt Kimya Texnoparkı haqqında qonaqlara məlumat verib. Bildirilib ki, bu layihələrin iştirakçılarına dövlət tərəfindən əhəmiyyətli güzəştlər edilir. R.Abdullayev Belçika şirkətlərini SOCAR-ın layihələri ilə bağlı elan olunan tenderlərdə iştiraka dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Arxiv üzrə axtarış