2015-04-16

Avropa Parlamentində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib.

2015-04-16

 

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində Avropa İttifaqının Bolqarıstandan olan deputatı İlhan Küçük xüsusi fəallıq göstərib.

Mərasimdə gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti, Avropa Parlamentinin idman məsələləri üzrə məsul komitəsi olan “İntersport” qrupunun rəhbəri, belçikalı deputat Mark Tarabella, digər siyasi partiyaların üzvləri, Avropa institutlarının, KİV-lərin, eyni zamanda, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Azad Rəhimov tədbirdə məruzə ilə çıxış edərək “Bakı– 2015” ilk Avropa Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və Oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir Azərbaycanın belə mötəbər idman tədbirinə ilk dəfə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Avropa Xarici Xidmət Fəaliyyətinin nümayəndəsi Kris Kendal Azərbaycan - Avropa İttifaqı münasibətlərindən bəhs edərək ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etməsinin gözəl təcrübə olacağını vurğulayıb.

Sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azad Rəhimov və digər məruzəçilər Azərbaycanın “Bakı-2015”dən sonra IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, Oyunlarla bağlı Avropanın daha yaxşı məlumatlandırılması üçün ev sahibinin görəcəyi tədbirlər, bu mötəbər yarışın Azərbaycan cəmiyyətinə töhfəsi və digər məsələlər barədə suallara aydınlıq gətiriblər.

Tədbirdə ilk Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib. Azərbaycanda yaradılmış çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

 

http://azertag.az/xeber/847183

Arxiv üzrə axtarış