2015-09-14

Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı

14.09.2015 [19:34]

Avropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi 2915/2840 (RSP) saylı qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir.
Qeyd edilməlidir ki, Avropa Parlamenti ötən ilin iyul ayında yeni tərkibdə fəaliyyətə başladığı gündən bu qurumun rəhbərliyinin mövqeyi üzündən onunla Azərbaycan arasında heç bir rəsmi dialoq baş tutmamış, qarşılıqlı səfərlər həyata keçirilməmişdir. Nə qədər qəribə olsa da, Avropa Parlamentinin rəhbərliyi tərəfindən deputatların Azərbaycana rəsmi və qeyri-rəsmi səfərlərinə qadağa qoyulmuşdur. Beləliklə, Avropa Parlamentində müəyyən qüvvələr parlamentlərarası dialoqu Azərbaycana qarşı yönələn təhqiramiz monoloqla əvəz etmək üçün ardıcıl addımlar atmışlar. 
Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Azərbaycana ədalətli münasibət bəsləyən deputatların təmsil etdikləri sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycana qarşı qərəzli qətnamənin müzakirə olunduğu iclas da istisna təşkil etməmiş, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmaları öz çirkin niyyətlərinə nail ola bilmişlər. Bunun əsas səbəblərindən biri odur ki, Avropa Parlamentinin rəhbərləri, ilk növbədə qurumun sədri M.Şults həmin ələbaxan qruplaşmaların fəaliyyətinə göz yumur, bəlkə özləri də bu fəaliyyətdə iştirak edir və bu qruplaşmaları himayə edirlər. 
Avropa Parlamentinin iclası bir çox deputatların tolerantlıq səviyyəsini də üzə çıxarmış, bu qurumda Azərbaycanın dünyəvi dövlət kimi nüfuzuna qısqanclıqla yanaşıldığını nümayiş etdirmişdir. Tamamilə məntiqlidir ki, hazırda Avropa İttifaqı ərazisində davam edən miqrasiya böhranı zamanı irqçilik və ksenofobiya meyillərinin misilsiz həddə çatması İttifaqın öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsinin qarşısını alır. Bundan əlavə, Avropa İttifaqının üzvü olan bəzi ölkələrin yalnız xristian qaçqınlara sığınacaq vermək istəyi Avropa İttifaqı məkanında mövcud olan ifrat sağçı radikal və islamofob siyasi xəttin dəstəklənməsi, nəticə etibarilə ayrı-seçkilik sisteminin formalaşması üçün şərait yaradır. Buna bənzər meyillərin Avropa Parlamenti kimi beynəlxalq quruma yol tapması isə yalnız təəssüf doğurur. Belə bir şəraitdə dünyaya tolerantlıq nümunəsi göstərən, mədəniyyətlərarası dialoqun inkişafında qabaqcıl dövlətə çevrilən Azərbaycanın dəstəklənməsi əvəzinə, ona qarşı qərəzli qətnamələrin qəbul edilməsi Avropa məkanında irqçiliyin və ksenofobiyanın təqdir olunması, Avropa İttifaqı ilə əməkdaşlığa meyil edən ənənəvi islam dövlətlərinə qarşı təxribat kimi qiymətləndirilməlidir.
Bununla birlikdə, Avropa Parlamenti Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan digər ölkələrdə insan hüquqlarının pozulması hallarına göz yumaraq, yalnız özünə məlum olan səbəblərə görə bu cür problemləri məhz Azərbaycanda axtarmaqla məşğul olur. Qeyd etmək yerinə düşər ki, bütün beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistan Respublikasının bölgədə insan hüquqlarının və azadlıqlarının kütləvi pozuntularına səbəb olması məsələsi bu günədək Avropa Parlamentində bir dəfə də müzakirə edilməmişdir. İnsan hüquqlarını ali dəyər kimi elan edən Avropa Parlamenti Dağlıq Qarabağ probleminin insan hüquqları və humanitar aspektlərinə nəzər salmağı nədənsə lazım bilməmişdir. Digər tərəfdən, Avropa Parlamenti öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu Məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarına etinasızlıq göstərmişdir. 
Heç kəsə sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Ölkədə peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Avropa Parlamentinin qətnaməsində bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı irəli sürülən tələblər heç bir hüquqi və siyasi əsasa malik olmayıb, Azərbaycanın müstəqil məhkəmə sisteminə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.
Avropa Parlamentinin qətnaməsində 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinə və üzv ölkələrə çağırışlara da yer verilmişdir. Avropa İttifaqının üzvü olan dövlətlərin ərazisində seçicilərin yalnız 42 faizinin səsləri ilə formalaşmış Avropa Parlamentindən bu cür çağırışların edilməsi təəccüb doğurur. Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu çağırışa cavab verən ilk təşkilat olmuşdur. Məqsəd Azərbaycanda keçiriləcək parlament seçkilərinin legitimliyini qabaqcadan şübhə altına almaqdır.
Hər kəs əmin ola bilər ki, seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün şərait təmin edilmişdir və lazımi tədbirlər bundan sonra da həyata keçiriləcəkdir. Hər hansı beynəlxalq qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi azad və ədalətli seçkiləri şübhə altına ala bilməz. Azərbaycanda suverenliyin daşıyıcısı Azərbaycan xalqıdır və seçkilərin legitimliyi barədə qərarı da o verəcəkdir. 
Təəssüf ki, Avropa Parlamentinin ölkəmizə münasibəti Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı da ciddi təhlükə altına almışdır. Belə ki, Avropa Parlamentinin indiyədək qəbul etdiyi qərəzli qətnamələr nəticəsində Avropa İttifaqı–Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlara son qoyulmuşdur. 
Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamenti üzvlərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir, bu sahədə beynəlxalq təşkilatlar ilə əməkdaşlığın hüquq bərabərliyi, qarşılıqlı hörmət əsasında və konstruktiv məcrada inkişaf etdirilməsi üçün Azərbaycan xalqının və rəhbərliyinin möhkəm siyasi iradəsi mövcuddur. 
Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Avropa Parlamentindən tələb edilsin ki, Avropa İttifaqı–Azərbaycan münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoysun, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəksin.
2. Avropa Parlamenti Azərbaycana münasibətdə konstruktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırılsın.
3. Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilsin ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınmasında səylərini artırsınlar.
4. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına siyasi dəstək məqsədi ilə Azərbaycanı daim hədəfdə saxlamağa çalışan müxtəlif lobbiçi qruplaşmaların Avropa Parlamentindəki pozucu fəaliyyəti qətiyyətlə pislənilsin və bu fəaliyyətə son qoyulması tələb edilsin.
5. Azərbaycana qarşı lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsi çərçivəsində yol verilmiş qanun və maliyyə pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rəhbərliyinin lobbiçilik fəaliyyəti ilə əlaqələri barədə ittihamların araşdırılmasına çağırılsın.
6. Avropa Parlamentinin müvafiq qurumlarına müraciət edilsin ki, Avropa Parlamentinin sədri M.Şults ilə postsovet dövlətlərinin bəzi rəhbər şəxsləri arasında birgə korrupsiya əməlləri, qanun pozuntuları barədə mətbuatda yayılmış xəbərləri araşdırsın və onun qeyri-qanuni fəaliyyətinə qiymət versinlər. 
7. Avropa Parlamenti Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla, Avropada islamofobiya və ksenofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırılsın.
8. Avropa Parlamentindən tələb edilsin ki, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoysun.
9. Hələ keçirilməmiş parlament seçkilərinin qərəzli çağırışlar ilə şübhə altına alınması cəhdləri qətiyyətlə pislənilsin və bunlara son qoyulması tələb edilsin.
10. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın. 
11. Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun. 
12. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın.
13. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin. 

O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
Bakı şəhəri, 14 sentyabr 2015-ci il.

Arxiv üzrə axtarış