2015-09-16

Səfir Fuad İsgəndərovun Avropa Parlamentinin Azərbaijana dair qətnaməsi ilə bağlı müsahibəsi

Fuad İsgəndərov: “Siyasi dialoq birtərəfli monoloqa çevrilməməlidir”

 

Bakı. Məlahət Nəcəfova – APA. Azərbaycanın Belçika Krallığındakı səfiri və eyni zamanda Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun APA-ya müsahibəsi

 

- Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamə ilə bağlı mövqeyiniz necədir?

- Öncə qeyd etmək istərdim ki, növbədənkənar iclasda Milli Məclis məsələ ilə bağlı öz mövqeyini çıxışlar və qərarın qəbulu ilə ortaya qoyub. Bu sənəddə Avropa Parlamentində baş verən və Aİ-Azərbaycan parlamentlərarası münasibətlərində yaranmış vəziyyətin hərtərəfli təhlili verilib, onun qərar hissəsində konkret tələb, çağırış və tövsiyələr öz əksini tapıb. Aİ yanında nümayəndəliyin başçısı kimi, mən yalnız bir neçə məsələyə aydınlıq gətirə bilərəm.

Birincisi, Avropa Parlamentinin məlum qətnaməsi yalnız Azərbaycan üçün deyil, həm də Avropa İttifaqının icraçı qurumları üçün hüquqi əhəmiyyət kəsb etmir. Sənəd tövsiyə xarakteri daşıyır. Ona görə də hüquqi nöqteyi-nəzərdən onun Avropa İttifaqının gündəlik fəaliyyətinə heç bir təsiri yoxdur. Avropa İttifaqının icraçı qurumları (Avropa Komissiyası, Aİ-nin Şurası, Xarici Fəaliyyət Xidməti) qətnamənin icrasını planlaşdırmır. Əksinə, AP-də dinləmələr zamanı Avropa komissarının çıxışına əsasən Aİ Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib.

İkincisi, bu qətnamə Avropa Parlamentinin bütün deputatlarının Azərbaycana olan münasibətini əks etdirmir. Gərgin müzakirələr zamanı AP-nin aparıcı Avropa Xalq Partiyası fraksiyası (Aİ ölkələrindəki xristian-demokratlar) qətnamənin əleyhinə çıxış edib. Səmimi desək, bu fraksiya əvvəllər qəbul edilmiş anti-Azərbaycan qətnamələrinin müzakirəsi zamanı heç vaxt Azərbaycanı dəstəkləməyib. Lakin bu dəfə ilkin qətnamə layihəsini irəli sürən üç kiçik siyasi qrupdan fərqli olaraq, böyük siyasi təcrübəyə malik Avropa Xalq Partiyasının dinləmələr və səsvermə zamanı nümayiş etdirdiyi yetkin mövqe bu qətnamənin qəbulu nəticəsində Aİ-nin Azərbaycan kimi etibarlı tərəfdaşını itirmək təhlükəsindən irəli gəlib.

Üçüncüsü, qətnamənin əsas təşəbbüskarı parlamentin kiçik qruplarından biri olan Yaşıllar / Avropa Azad Alyansı qrupudur. Avropa Azad Alyansının üzvləri Aİ ölkələri daxilində separatçı təşkilatların nümayəndələridir. Onlar dəfələrlə Azərbaycanın işğal altındakı ərazilərində olub, orada separatçı rejimin “rəsmiləri” ilə görüşlər keçiriblər. Avropa Azad Alyansı 17 aprel 2015 tarixində “Artsax Demokratik Partiyası” adlanan qondarma təşkilatı özünün üzvlüyünə qəbul edib.

- Çox az sayda olan ermənipərəst qrupların fəaliyyəti nəticəsində qətnamənin qəbulu onu deməyə əsas verirmi ki, Avropa Parlamentiermənipərəst təşkilatdır?

- Belə deyək: Avropa Parlamentində belə qüvvələrin fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Söhbət yalnız anti-Azərbaycan mahiyyətli qətnamələrdən getmir. Azərbaycan tərəfinin kəskin etirazlarına baxmayaraq, müvafiq deputatların dəvətinə əsasən 2013-14-cü illərdə Bako Saakyan, Ələkrəm Hümmətov (iki dəfə) və vətənimizin şimalında separatçılıq meylləri yaratmağa çalışan ünsürlər (iki dəfə) AP-də keçirilmiş tədbirlərdə iştirak və hətta çıxışlar ediblər.

- Qətnamədə Aİ-yə Azərbaycanla “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa yenidən baxmaq və maliyyələşdirməni kəsmək tövsiyə edilir. Bu, nə dərəcədə realdır? 

- Bir daha qeyd etmək istərdim ki, Avropa Parlamentində qəbul edilən sənəd nə Azərbaycan, nə də Aİ-nin Azərbaycanla əməkdaşlıq edən icra qurumları üçün hüquqi öhdəliklər daşımır. Ən əsas məqam isə ondan ibarətdir ki, Azərbaycanın Aİ ilə “Şərq Tərəfdaşlığı” proqramında iştirakı barədə qərarı yalnız Azərbaycan tərəfi verə bilər. Heç kəsin buna şübhəsi olmasın. Bu məsələdə son söz Azərbaycana aiddir 

Azərbaycan yeganə şərq tərəfdaşı ölkəsidir ki, Aİ-yə öz sərmayələri, öz genişmiqyaslı layihələri ilə gedir. “Şərq tərəfdaşlığı”nda iştirakından və Aİ tərəfindən asılı olmayaraq, Azərbaycan özünü təmin edən dövlət kimi çıxış edir və hətta digər, o cümlədən bir sıra Aİ dövlətlərinə öz köməyini əsirgəmir. Qətnamədə əks olunmuş bu “hədələr” Aİ-nin özü üçün heç bir pozitiv nəticə verməyən təkliflərdir. Bunu Aİ icraçı qurumları da yaxşı bilir. Mən, Avropa Komissiyası, Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycana aid hər hansı mənfi dəyişikliklərin həyata keçiriləcəyini gözləmirəm. Əksinə, Milli Məclisin qərarından sonra Aİ institutları ciddi tədbirlər görməlidirlər ki, Azərbaycan tərəfinin ittifaqla əvvəllər olmuş münasibətlərini tam bərpa edərək ölkəmizin tərəfdaş kimi qoruyub saxlanmasına, bizimlə hərtərəfli (parlamentlər daxil olmaqla) siyasi dialoqun yenidən başlanmasına nail olunsun.

- Belə çıxır ki, AP Azərbaycana dair hər hansı obyektiv münasibət bildirməyib?

- Avropa Parlamentinin əvvəlki tərkibdə 23 oktyabr 2013-cü il tarixində qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü, erməni işğalçılarının  Azərbaycan ərazisindən çıxarılması, BMT-nin 4 qətnaməsinə tam dəstək və bir “Şərq tərəfdaşlığı” dövlətinin digərinin ərazisini işğal etməsinin qəbuledilməz olmasına dair xüsusi maddə əks olunub. Bu, Avropa Parlamentinin bütün sonrakı qətnamələrində də öz əksini tapıb. Lakin məhz buna cavab olaraq erməni lobbisi ilə əlaqəli qüvvələr münaqişənin həlli ilə bağlı mövqelərimizi zəiflətmək üçün AP-də müntəzəm olaraq Azərbaycanı insan haqlarını pozan bir ölkə kimi təqdim etməyə çalışırlar. Hazırkı AP tərkibində belə qüvvələrin sayı bir qədər çoxalsa da, sonuncu qəbul edilmiş qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü böyük səs çoxluğu ilə 2015-ci ildə bir daha təsdiqlənib. Bundan hiddətlənmiş adını çəkdiyim qruplar Azərbaycanda “demokratiya problemi”ni yenidən gündəmə gətirməklə məsələnin şişirdilməsinə, onun plenar iclasda təcili dinləmələrlə müzakirəyə çıxarılmasına və səsverməyə qoyulmasına nail olublar. Reallıq ondan ibarətdir ki, heç kəs, beynəlxalq hüquq normalarının tətbiqinin qarşısını süni şişirdilmiş mövzunun müzakirəsi ilə ala bilməz.

Belə bir vəziyyətdə Aİ-Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz?

- Hazırkı vəziyyətdə Avropada müəyyən qüvvələr var ki, Azərbaycanla münasibətlərin inkişafını istəmirlər. Təsəvvür edin ki, ölkəmizin ticarət dövriyyəsinin 50 faizindən çoxu Aİ üzv dövlətlərinin payına düşür, xarici sərmayənin təxminən 50 faizi Avropa İttifaqından gəlir. Azərbaycan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa məkanına gedir. İqtisadi cəhətdən belə güclü əməkdaşlığa malik olan dövləti əlbəttə ki, bəzi xarici qüvvələr müəyyən siyasi texnologiyalar vasitəsilə gözdən salmağa çalışırlar. Bunu həm AP qətnamələri, həm müəyyən digər məsələlərlə bağlı şərhlərlə etməyə səy göstərirlər. AP-nin bu  qətnaməsi birinci qətnamə deyil. Azərbaycana qarşı keçənilki AP qətnaməsi 17 sentyabr, yəni Cənubi Qaz Dəhlizinin təntənəli təməlqoyma mərasimindən 1 gün öncə qəbul edilib. Avropa Parlamentində bu il təşkil olunmuş ilk anti-Azərbaycan dinləmələri 12 iyun, yəni Avropa Oyunlarının açılış günündə baş verib. Bunları təsadüf adlandırmaq olar?

- Qətnamədə islamofobiya meylləri özünü nə dərəcədə göstərir? Avropada islamofobiya varmı?

- Avropada islamofobiya meylləri bu gün, yaxud bu il başlamayıb. Bu proses çoxdan cərəyan edir. Mən Avropada artıq 8 ildir ki, fəaliyyət göstərirəm. Niderlandda səfir işləyərkən, qatı anti-İslam, dinimizi, millətləri təhqir edən irqçi partiya kifayət qədər səs toplayaraq Hollandiya hökumətində təmsil olundu. Bu gün onların rəhbər və təmsilçiləri Avropa Parlamentində təmsil olunurlar. Bu cür meyllər Aİ-nin bir sıra dövlətlərində artıq müşahidə olunmaqdadır – haradasa Niderlandda olduğu kimi, siyasi zəmində, digər yerlərdə ekstremist və kriminal formada. Hazırkı “qaçqınlar böhranı” bu problemi artıq qabarıq şəkildə beynəlxalq ictimaiyyətə nümayiş

Bu gün Aİ ölkələrinin hökumətlərində eşidirik ki, onlar yalnız xristian qaçqınları qəbul edə bilərlər. Təsəvvür edin, aparteidin ləğv olunmasından 25 il sonra Avropada selektiv yanaşma müşahidə edilir. Bu, islamofobiyadır ya yox? Bu o demək deyil ki, Aİ islam dünyasından gələn qaçqınlara yardım etmir, köməklik göstərmir. Lakin “qaçqın böhranı” Avropada kəskin diskussiyalara səbəb olub. Bu proseslər avropalılarda həm ürək yanğısı, humanizm, həm də narahatlıq, qorxu və hətta nifrət hissləri yaradır. Özlərini daim türk və islam dünyasının qurbanı kimi qələmə verən işğalçı qonşularımız bu vəziyyətdən istifadə edərək, Aİ institutlarının ictimai rəyini Azərbaycanın Avropa sivilizasiyasına, Avropa dəyərlərinə məxsus olmadığına yönəltməyə çalışırlar. Avropa Parlamentinin son qətnaməsi sözsüz ki, bu məqsədlər üçün də istifadə oluna bilər. Halbuki, multikulturalizmi, dünyəviliyi, tolerantlığı, dini və mədəniyyətlərarası dialoqu ən yüksək səviyyədə təmin edən Azərbaycanın təcrübəsinin öyrənib tətbiq edilməsi Avropa üçün məhz bu gün böyük əhəmiyyət kəsb edə bilərdi.

- Avropa İttifaqını Azərbaycanın xilaskarı kimi təqdim edən fikirlərə münasibətiniz necədir? 

- Azərbaycan heç vaxt heç kəsə xilas etmə ilə bağlı müraciət etməyib. Azərbaycan bütün tərəfdaşları ilə, Ermənistan istisna olmaqla, qonşuları ilə, beynəlxalq təşkilatlarla, Aİ, onun institutları, üzv ölkələri ilə bərabərhüquqlu münasibətlər yaratmağa çalışıb. Azərbaycan Aİ ölkələrinə yalnız enerji təhlükəsizliyi məsələsində deyil, terrorçuluq, qeyri-qanuni miqrasiya, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizədə ciddi dəstək göstərir. Belə bir vəziyyətdə, Aİ-nin daxilində mürəkkəb böhran prosesləri getdiyi bir vaxtda, miqrantlarla bağla durumun humanitar faciə səviyyəsinə çatdığı bir halda, fikrimcə, Aİ sınaqdan keçmiş dostları qoruyub saxlamalıdır. Özü də yaxın qonşuluğunda. Azərbaycan Aİ ölkələrinin etibarlı tərəfdaşı kimi artıq sınaqdan keçib. Bu nöqteyi-nəzərdən Avropa özü təhlükəli vəziyyətdə qaldığı bir vaxtda AP tərəfindən qəbul edilmiş qətnamə nə dərəcədə Aİ-nin maraqlarına xidmət edir? Fikrimcə, bunun arxasında Avropanın özünün əleyhinə olan qüvvələr durur. Aİ tərəfdən Azərbaycanın itirilməsi, onunla münasibətlərinin pozulması ehtimalı birinci növbədə Aİ-nin öz marağında deyil. Bu reallığı Aİ-də, xüsusən də onun komissiyalarında, xarici əlaqələr xidmətində anlayan adamların sayı çoxdur. AP-də bunu dəstəkləyənlər də az deyil. Aİ-nin Azərbaycanla münasibətlərinin inkişafına marağı artmaqdadır və bu proses yalnız iqtisadi əlaqələr deyil, həm də siyasi dialoq vasitəsi ilə həyata keçirilə bilər. Lakin, hazırda parlamentlərarası dialoq təəssüf ki, AP tərəfindən yalnız tənqidedici monoloqa çevrilib. Bu yanaşmanı biz heç zaman qəbul etməyəcəyik. Avropa ParlamentiAzərbaycanla konstruktiv siyasi dialoq istəyini konkret əməllərlə nümayiş etdirəcəyi halda, Azərbaycan Aİ ilə, Aİ-nin bütün institutları ilə yalnız və yalnız bərabərhüquqlu əlaqələrə zəmin yaradan münasibətləri bərpa və inkişaf etdirməyə hazır ola bilər.

Arxiv üzrə axtarış