Səfirin müraciəti

  

Əziz qonaqlar,

Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin və Avropa İttifaqı yanında Nümayəndəliyinin internet səhifəsinə xoş gəlmisiniz.

İnternet səhifəmizdə Azərbaycanın Belçika və Lüksemburq, həmçinin Avropa İttifaqı ilə  münasibətləri haqqında ümumi məlumat, konsulluq və viza məsələlərinə dair bölmə, Azərbaycanda baş verən hadisələrə dair aktual xəbərlər diqqətinizə təqdim olunur. 

Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən və qədim İpək Yolunda vacib bir qovşaq olan Azərbaycan dünyəvi və mədəni cəhətdən zəngin cəmiyyətə, eləcə də füsunkar təbiətə malik bir məkandır. 

Azərbaycan Demokratik Respublikası 1918-ci ilin 28 may tarixində təsis edilərək, Şərqin   ilk parlament respublikası olmuşdur. Hələ 1918-ci ildə Azərbaycan bütün ölkə vətəndaşlarına millətindən, dini əqidəsindən və cinsindən asılı olmayaraq bərabər hüquqlar  vermişdir.

Azərbaycan xalqının azad və müstəqil ölkədə yaşamaq uğrunda uzunsürən mübarizəsi 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyin bərpası ilə nəticələnmişdir. 2 mart 1992-ci il tarixində isə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olmuşdur.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən inkişaf etmiş, güclü  və suveren dövləti kimi tanınmış, qlobal miqyasda yüksək beynəlxalq nüfuza malik etibarlı tərəfdaşa çevrilmişdir.

2020-ci ildə Ermənistan tərəfindən 30 illik işğal altında olmuş ərazilərini azad edən Azərbaycan ədalətin və beynəlxalq hüququn qələbəsinə nail olaraq, BMT-nin qətnamələrinin yerinə yetirilməsini təmin etdi. Bunun nəticəsi olaraq, məcburi köçkün həyatı yaşamış yüz minlərlə Azərbaycanlı uzun illər sonra öz doğma torpaqlarına qayıtmaq imkanına malik oldular.

Bu gün Azərbaycan ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında qonşuluq münasibətlərini təşviq edən, regional sülh və təhlükəsizliyə, sabitliyə və inkişafa əməli töhfə verən ölkədir. Yeni reallıqlar regionda bütün kommunikasiyaların açılması, enerji təhlükəsizliyi və nəqliyyat bağlılığının gücləndirilməsi üçün əlverişli imkanlar yaradır.   

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət, eyni zamanda enerji sahəsində tərəfdaşıdır. Cənub Qaz Dəhlizi Avropa İttifaqının yalnız yeni təbii qaz mənbələrinə çıxışını təmin etmir, həmçinin alternativ qaz həcmlərinin idxal marşrutlarının şaxələndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Azərbaycan qazı Cənub Qaz Dəhlizi üzərindən yeni bazarlara, o cümlədən Qərbi Balkanlara çıxış perspektivinə malikdir.  

Şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malik Azərbaycan Avrasiyada mühüm nəqliyyat və loqistik qovşaqlardan birini yaratmağa nail olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Şərq-Qərb dəhlizinə böyük töhfə vermişdir. Ələt Azad İqtisadi Zonasına cəlb ediləcək sərmayələr və texnologiyalar həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində bağlantıların inkişafında ölkəmizin rolunu artıracaqdır.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma və bərpa işlərinin fəal mərhələsindədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni hava limanları inşa edir və yaxın gələcəkdə ölkədəki beynəlxalq hava limanlarının sayı daha da artacaqdır. 

Mən sizləri internet resurslarımızdan bəhrələnməyə dəvət edir, eyni zamanda özüm və rəhbərlik etdiyim kollektiv tərəfindən müvafiq köməkliyin göstərilməsində hazır olduğumuzu bildirirəm. 

Şərqlə Qərbin kəsişməsində yerləşən, zəngin tarix və mədəniyyət, füsunkar təbiət, ecazkar musiqi, ləziz mətbəx və nəhayət qonaqpərvər insanlarla tanış olmaq üçün Sizləri Azərbaycana dəvət edirik.

Hörmətlə,

Vaqif Sadıqov
Səfir, Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri

Arxiv üzrə axtarış