Səfir
Səfir Vaqif İsmayıl oğlu Sadıqov
Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib. 1986-cı ildən filoloji elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1992-ci ilin əvvəlində Vaqif Sadıqov Azərbaycan Respublikasının diplomatik xidmətində işə başlayıb, 1993-1995-ci illərdə Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu müddətdə V.Sadıqov Azərbaycanın nümayəndə heyətlərinin tərkibində hərbi-siyasi, regional təhlükəsizlik və silahlar üzrə nəzarət məsələlərinə, o cümlədən SSRİ-nin keçmiş respublikaları arasında silah və hərbi texnikanın bölüşdürülməsinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak edib.
1995-ci ilin aprel ayında V.Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı səfiri və BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilmişdir. 1998-ci ildən etibarən səfir V.Sadıqov Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-ci ildən isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi olmuşdur. Həmin dövrdə səfir V.Sadıqov Avropada Adi Silahlı Qüvvələr üzrə Yeniləşmiş Müqavilə, Etimad və Təhlükəsizliyin Möhkəmləndirliməsi Tədbirləri, ATƏT-in Avropa Təhlükəsizliyi Xartiyası, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı və Korrupsiyaya qarşı BMT Konvensiyaların işlənib-hazırlanması üzrə danışıqlarda, eləcə də bir çox BMT və ATƏT tədbirlərdə, o cümlədən ATƏT-in 1996 və 1999-cu illərdəki zirvə görüşlərində iştirak edib.
2004-cü ilin aprel ayında səfir V.Sadıqov Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu dövrdə digər məsələlər ilə yanaşı o, Azərbaycan ilə YUNESKO və İslam Konfransı Təşkilatı arasında əməkdaşlığın inkişafı, eləcə də multikulturalizm və sivilizasiyalararası dialoq məsələləri ilə məşğul olmuşdur.
2010-cu ilin oktyabr ayında V.Sadıqov Azərbaycan Respublikasının İtaliyadakı və eyni zamanda Malta və San Marinodakı səfiri, eləcə də Romada yerləşən BMT-nın Ərzaq və Kənd Təssərüfatı Təşkilatı, BMT-nın Dünya Ərzaq Proqramı və BMT-nın Kənd Təssərüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında Azərbaycanın daimi nümayəndəsi vəzifələrində çalışıb.
2016-cı ilin yanvar ayında V.Sadıqov Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatalar yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Həmin dövrdə o, insan hüquqları, miqrasiya, əmək məsələləri, humanitar hüquq, inkişaf məsələləri üzrə keçirilmiş bir çox BMT konfranslarında və tədbirlərındə iştirak edib. Həmin illərdə V.Sadıqov Beynəlxalq Əmək Təşkilatının Hökümətlər Qrupunun sədri, BMT-nin Ticarət və İnkişaf Konfransının Ticarət və İnkişaf Şurasının vitse-prezidenti, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə 2020-ci il Regional Forumunun sədri, Qoşulmama Hərəkətinin Cenevrə Qrupunun sədri və s. vəzifələrə seçilmişdir.
26 avqust 2021-ci il tarixində səfir Vaqif Sadıqov Azərbaycan Respublikasının Belçikadakı səfiri vəzifəsinə təyin edilmişdir. 15 sentyabr 2021-ci il tarixində Vaqif Sadıqov Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri təyin edilmişdir.
Səfir V.Sadıqov evlidir, onun iki uşağı var.