Lüksemburqda keçirilən tədbirdə Azərbaycanın iqtisadi potensialı təqdim olundu
Lüksemburqda Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı Səfirliyinin, Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə müxtəlif Avropa biznes dairələrindən 40-dan çox nümayəndəni bir araya gətirən tədbir keçirilib.
Tədbir çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycan iqtisadiyyatının makroiqtisadi mənzərəsi, investisiya mühiti, tranzit və logistika imkanları, yaşıl enerji təşəbbüsləri və rəqəmsal iqtisadiyyatda inkişaflarla bağlı təqdimat edib. O həmçinin KOB-lar üçün dəstək mexanizmləri, investisiya təşviqləri, xüsusi iqtisadi zonalar, eləcə də Ələt Azad İqtisadi Zonası, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandakı iqtisadi imkanlar barədə məlumat verib.
Azərbaycan Respublikasının səfiri cənab Vaqif Sadıqov Azərbaycan–Lüksemburq münasibətlərinin mövcud vəziyyəti barədə danışıb və hər iki ölkənin biznes icmaları arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin gələcək əməkdaşlığın və qarşılıqlı ticarət-investisiya əlaqələrinin dəstəklənməsi məqsədilə Azərbaycan–Lüksemburq Ticarət Palatasının yaradıla biləcəyini qeyd edib.
Lüksemburqdan olan iştirakçılar məlumat mübadiləsini müsbət qarşılayıb və yaşıl enerji, rəqəmsal xidmətlər, logistika və maliyyə texnologiyaları kimi sahələrdə imkanları araşdırmağa maraq göstəriblər. Hər iki tərəf kiçik və orta sahibkarlıq subyektləri arasında birgə təşəbbüslər və genişləndirilmiş əməkdaşlıq üçün potensialı vurğulayıb.
Tədbir Azərbaycanın iqtisadi potensialının Lüksemburqun biznes icmasına tanıdılmasına və ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinə dəstək göstərib.
Ətraflı məlumat üçün: https://ereforms.gov.az/az/media/xeberler/vusal-qasimli-luksemburqda-is-adamlari-ile-gorusub-1967