“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 may 2026

Brüsseldə Azərbaycan caz sənətinə həsr olunmuş konsert proqramı təşkil edilib

Brüsselin zəngin caz ənənələrinə malik tarixi və nüfuzlu mədəniyyət mərkəzlərindən biri olan “Flagey” incəsənət binasında Azərbaycanın caz sənətinə həsr edilmiş konsert proqramı təşkil olunmuşdur.

Tədbirin rəsmi açılışında çıxış edən Müvəqqəti İşlər Vəkili Məmməd Zülfüqarov Azərbaycan cazının milli musiqi irsinin ayrılmaz və zəngin bir qolu olduğunu vurğulamışdır. Bu növ mədəniyyət layihələrinin Azərbaycanın çoxşaxəli musiqi ənənələrinin tanıdılması, eləcə də ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır.

Konsertdə xüsusi qonaq qismində çıxış edən tanınmış Belçika musiqiçisi, cazmen və bəstəkar Kventin Düjardin Azərbaycan caz məktəbinin özünəməxsus improvizasiya xüsusiyyətlərini və zəngin musiqi dilini yüksək qiymətləndirdiyini bildirmişdir. Azərbaycan cazının Şərq melodiyası ilə Qərb caz ənənələrinin yaradıcı sintezi kimi bənzərsiz bir fenomen olduğunu qeyd edən K.Düjardin, Bakı Caz Festivalındakı təcrübəsini bölüşmüş, Azərbaycanın peşəkar caz mühiti və festivalların yüksək təşkilati səviyyəsi barədə müsbət təəssüratlarını tədbir iştirakçıları ilə paylaşmışdır.

Gecənin bədii hissəsində tanınmış caz ifaçısı Rain Sultanovun rəhbərliyi ilə “Azerbaijan Quartet”- Şahin Növrəsli, Nicat Paşazadə və Həsən Bilalov - səhnə almışlar. Musiqiçilərin ifasında milli folklor və muğam motivlərinin müasir caz ritmləri ilə qovuşduğu unikal kompozisiyalar, eləcə də Azərbaycan musiqi sənətinin seçilmiş klassik və müasir nümunələri nümayiş etdirilmişdir. Sənətkarların yüksək peşəkarlığı və bənzərsiz performansı dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Azərbaycan musiqi irsinin təşviqi baxımından uğurlu addım olan bu mədəniyyət tədbirində Belçika Krallığının və Avropa İttifaqının rəsmi şəxsləri, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və üzvləri, yerli ictimaiyyət nümayəndələri, tanınmış incəsənət xadimləri, habelə Belçika və Avropada fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti