“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 iyun 2025

Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş 2-ci “Suqovuşan” Beynəlxalq Minifutbol Turniri Brüsseldə uğurla keçirildi

Azərbaycan Respublikasının Belçika, Lüksemburq və Avropa İttifaqı yanında Səfirliyinin dəstəyi ilə 7 iyun 2025-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə 2-ci “Suqovuşan” Beynəlxalq Minifutbol Turniri uğurla təşkil olunmuşdur.

 

Turnir Azərbaycanın simvolik məkanlarından biri olan Suqovuşanın adını daşımaqla, milli həmrəyliyin, dözümlülüyün və qələbənin rəmzi kimi iştirakçılar arasında birlik və dostluq ruhunu əks etdirmişdir.

 

Yarışda NATO-nun mənzil-qərargahının komandası birinci yerə, “Madani Heroes” komandası isə ikinci yerə layiq görülmüşdür.

 

Turnirdə Türkiyə, Qazaxıstan, Pakistan, Qırğızıstan, Tacikistan və Azərbaycan Respublikasının Belçika, Lüksemburq və Aİ-dəki Səfirliyinin komandaları, eləcə də Strasburqda fəaliyyət göstərən AŞPA yanında daimi nümayəndəliyimizin əməkdaşlarının iştirakı ilə formalaşan komanda da daxil olmaqla, ümumilikdə 20-dən artıq komanda iştirak etmişdir.

 

Tədbirin təşkilatçılarından biri, “Madani” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Emin Əliyev çıxışında bildirmişdir ki, turnir təkcə idman yarışı deyil, eyni zamanda beynəlxalq dostluğun və birliyin təcəssümüdür:
“Suqovuşan sadəcə coğrafi ad deyil – bu, ümid, dözümlülük və qələbə simvoludur. Turnirə ötən il 12 komanda ilə başlamışdıq. Bu il isə o, daha da genişlənərək Almaniya, Niderland, Lüksemburq və Fransadan olan diaspor icmalarının iştirakı ilə beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.”

 

Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov tədbirin açılış mərasimində çıxış edərək, belə bir təşəbbüsə görə “Madani” platformasına təşəkkürünü bildirmiş, dost və qardaş ölkələrin – Türkiyə, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və Qazaxıstan səfirliklərinin nümayəndələrini salamlamış və komandalarına uğurlar arzulamışdır.

 

Turnir çərçivəsində uşaqlardan ibarət komandalar da iştirak etmiş, onlar da kubok, medal və Azərbaycan simvollarını əks etdirən xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

Azərbaycan Respublikasının Səfirliyi olaraq bu tədbirin təşkilinə dəstək verməkdən məmnunluq duyur, beynəlxalq dostluğu və idman ruhunu təşviq edən bu təşəbbüsün gələcək illərdə də davamlı olmasını arzu edirik.

 

Turnirin seçilmiş görüntülərini Səfirliyin rəsmi YouTube kanalında izləyə bilərsiniz:https://youtu.be/sGbx2SzabpA

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti