Azərbaycan çayı Parisdə beynəlxalq uğur qazandı: Fireland Azərbaycanlılar Birliyi “Azər Çay”ın mükafatlarını təhvil aldı
Azərbaycan çayı Parisdə beynəlxalq uğur qazandı:
Fireland Azərbaycanlılar Birliyi “Azər Çay”ın mükafatlarını təhvil aldı
Paris şəhərində keçirilən 8-ci Beynəlxalq AVPA Çay Müsabiqəsində Azərbaycan çayının uğurlu təqdimatı baş tutub. Dünyanın 18 ölkəsindən 300-dən çox çay məhsulunun 25 müxtəlif kateqoriya üzrə qiymətləndirildiyi nüfuzlu yarışmada, Azərbaycan istehsalı olan “Azər Çay”ın iki məhsulu mükafata layiq görülüb.
Fireland Azərbaycanlılar Birliyi müsabiqədə “Azər Çay”ın tərəfdaşı qismində iştirak edərək mükafatları qəbul edib. AVPA tərəfindən artıq səkkizinci dəfə təşkil olunan bu beynəlxalq yarışmada Azərbaycan çayı ilk dəfə bu miqyasda təmsil olunub.
Müsabiqədən əvvəl Azərbaycan çayı Belçikanın paytaxtında keçirilən Brüssel Beynəlxalq Çay Festivalında nümayiş etdirilib və festival iştirakçılarının böyük marağına səbəb olub. Məhz bu uğurlu təqdimatdan sonra Azərbaycan çayı AVPA tərəfindən Parisdə keçirilən müsabiqəyə dəvət olunub.
Paris yarışmasında ümumilikdə 4 Azərbaycan çayı iştirak edib və onlardan 2-si mükafat qazanıb. Bu nailiyyət Azərbaycan çayının beynəlxalq bazarda artan rəqabət qabiliyyətinin və yüksək keyfiyyətinin bir daha təsdiqidir.
Bu uğur Azərbaycan çayının beynəlxalq arenada tanıdılması istiqamətində mühüm addımdır və gələcəkdə daha genişmiqyaslı təqdimatlar üçün yeni imkanlar açır. Tədbirin təşkilatçıları Fireland Azərbaycanlılar Birliyini 2026-cı ildə Parisdə keçiriləcək Çay Festivalına rəsmi olaraq dəvət etmişdir.
Sözügedən layihədə Fireland Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyilə iştirak etmişdir. O cümlədən, Parisdə keçirilən mükafatlandırma mərasimində FireLand Azərbaycanlılar Birliyinin üzvləri ilə yanaşı Azərbaycanın Fransadakı Səfiri Leyla Abdullayeva da iştirak etmiş, əldə edilən nailiyyət münasibətilə öz təbriklərini çatdırmışdır.