2020-05-29
Səfir Fuad İsgəndərovun nüfuzlu EU Reporter xəbər portalında 28 May-Respublika Günü münasibətilə məqaləsi dərc olunub

Avropa məkanının nüfuzlu xəbər portallarından biri sayılan “EU Reporter”da 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəsi səfir Fuad İsgəndərovun “Azərbaycan – döyüş meydanından regionlararası layihələrin qovşağına” adlı məqaləsi dərc olunub.   

Məqalədə qeyd olunur ki, Avropa, Asiya, Yaxın Şərq regionlarının kəsişməsində və Rusiya, Türkiyə və İran kimi mühüm regional və qlobal güclərin əhatəsində yerləşən Azərbaycan ərazisi tarixən imperial güclərin qarşıdurma və döyüş meydanı olub. Azərbaycanda zəngin neft ehtiyatlarının kəşf olunmasından sonra bu kəskin rəqabət daha da şiddətlənib, 1-ci Dünya Müharibəsi zamanı davam edib, 2-ci Dünya Müharibəsində isə Faşist Almaniyasının Edelveys Əməliyyatı ilə Bakının neft yataqlarının ələ keçirilməsi planları ilə özünün kuliminasiya həddinə çatıb. 

Bununla belə, 20-ci əsrin əvvəllərində, Rusiya İmperiyasının dağılması və Sovet İttifaqının qurulması arasındakı qısa dövrdə Azərbaycan tarixinin şanlı səhifələrindən biri açılıb, müstəqil Azərbaycan Demokratik Respublikası elan edilib. 23 aylıq qısa ömrünə baxmayaraq, ADR müsəlman Şərqi, eləcə də müasir demokratiya tarixində bir çox mütərəqqi islahatlarla yadda qalıb, milliyyəti, dini, sosial təbəqəsi və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlarına eyni siyasi, sosial və iqtisadi hüquqları verib. ADR 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğrasa da, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib, 1994-cü ildə imzaladığı “Əsrin Müqaviləsi” ilə isə yenidən öz təbii sərvətləri üzərindəki suverenliyini bərpa və təsdiq edib. Yeni strategiya çərçivəsində həyata keçirilən irimiqyaslı enerji infrastrukturu layihələri ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi önə çıxıb.   

Məqalədə qeyd olunur ki, hazırda Azərbaycan üçün yeni bir strateji əməkdaşlıq sahəsi aktuallıq qazanmağa başlayır. Bu, Şərq və Qərb, Şimal və Cənub arasında oynadığı təbii körpu rolu səbəbilə, beynəlxalq tranzit/nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindən irəli gələn yeni layihələrdir. Bu xüsusda, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Bakı-Tbilisi-Qars layihələrinə diqqət çəkilərək, Çin, Əfqanıstan, Mərkəzi Asiya, Fars Körfəzi, Hindistan, Xəzər dənizi və Qara dəniz hövzəsini, eləcə də Avropa ölkələrini birləşdirən bu kimi yeni təşəbbüslərin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sahələrinin gücləndirilməsi, yeni innovativ idarəetmə metodlarının tətbiqi, eləcə də bütün region boyu yaşıl və rəqəmli qovşaq konsepsiyalarının inkişafına şərait yaradacağı vurğulanır. 

Sonda bildirilir ki, təşəbbüs göstərməyə hazır olan hər bir ölkə son nəticədə bütün çətinliklərdən çıxış üçün yeni yollar tapacaqdır.

https://www.eureporter.co/world/azerbaijan-world/2020/05/28/azerbaijan-from-battlefield-to-the-hub-of-inter-regional-projects/ 

növbəti xəbər əvvəlki xəbər