2016-06-22

Lüksemburqda Nizami Gəncəvinin 875 illiyi münasibətilə anım tədbiri keçirilmişdir

Lüksemburq şəhərində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Rusiya Federasiyasının Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin 875 illiyi münasibətilə anım tədbiri keçirilmişdir.

Tədbir çərçivəsində ilk öncə Nizami Gəncəvinin Rusiya Federasiyasının Lüksemburqdakı Səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulmuşdur. 

Daha sonra çıxış edən Səfir Fuad İsgəndərov bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya Səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirmiş və bunu Azərbaycanın həm Rusiya, həm də Avropa xalqları ilə dostluğunun nümunəsi kimi səciyyələndirmişdir. Səfir vurğulamışdır ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının Benelux ölkələrində mədəniyyət günləri çərçivəsində təşkil edilmişdir. Ümummilli Lider Heydər Əliyev Belçika və Lüksemburqa 1996-cı ildə etdiyi səfəri zamanı abidəni ziyarət etmiş, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Rusiya Federasiyasının Səfiri Viktor Sorokin ilk öncə Nizami Gəncəvinin yaradıcılığından şer oxumuşdur. O, Rusiya və Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafı barədə danışmış, Azərbaycanda rus dili və mədəniyyətinə göstərilən hörmətdən bəhs etmiş və bu faktın Rusiya tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.  

Sonda, Nizami Gəncəvinin anım gününün ənənəvi qaydada dahi mütəfəkkirin abidəsi önündə keçirilməsinin önəmi qeyd edilmişdir.

Tədbirdə Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri və Lüksemburq-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak etmişlər. 

Arxiv üzrə axtarış