“İRS” Nəşriyyat Evinin kitab sərgisi keçirildi
İyunun 9-da Azərbaycan Respublikasının Belçikadakı Səfirliyində “İRS” Nəşriyyat Evinin yeni kitablarının sərgisi keçirildi.
Açılış mərasimində çıxış edən Azərbaycanın Brüsseldəki səfiri Vaqif Sadıqov qeyd edib ki, ölkəmizin aparıcı nəşriyyatlarından biri olan “İRS” Nəşriyyat Evi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və memarlığına həsr olunmuş çoxsaylı kitab və jurnallar nəşr edir. Bu nəşrlər müxtəlif xarici dillərdə işıq üzü görür.
Daha sonra “İRS” Nəşriyyat Evi və Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı çıxış edərək nəşriyyatın fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycanın zəngin mədəni irsinin dünyada təbliği istiqamətində gördüyü işlər barədə məlumat verib. M. Mərcanlı qeyd etmişdir ki, Azərbaycanın zəngin mədəni irsinin, milli adət-ənənələrinin və çoxsaylı tarixi-mədəni abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə PAŞA Həyat Sığorta şirkətinin dəstəyi ilə Nəşriyyat Evi tərəfindən 2013-cü ildən etibarən “İrs” silsiləsi layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində ölkənin mədəni irsini əks etdirən çoxsaylı kitablar nəşr olunaraq geniş oxucu auditoriyasına təqdim edilmişdir. O, sərgidə nümayiş etdirilən kitabları qonaqlara təqdim edib və onların suallarını cavablandırıb.
Tədbirdə çıxış edən Brüssel Azad Universitetinin professoru Philippe Humble “İRS” nəşriyyatının kitablarında əks olunan mövzularla bağlı fikirlərini bölüşərək Azərbaycan haqqında təəssüratlarından danışıb. O, həmçinin multikulturalizmin əhəmiyyətini vurğulayaraq bu dəyərlərin cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına töhfə verdiyini qeyd edib.
Belçikanın turizm sahəsində ixtisaslaşmış “Travel Tomorrow” media şirkətinin rəhbəri Antonio Buscardini çıxışında Azərbaycana etdiyi səfərlər zamanı tanış olduğu zəngin tarixi-mədəni irs, ölkənin turizm potensialı və beynəlxalq aləmdə artan nüfuzu barədə fikirlərini iştirakçılarla bölüşüb.
Sərgidə Belçika ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, həmçinin Belçikada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir daha sonra Belçikada təhsil alan azərbaycanlı musiqiçilərin ifasında klassik və milli musiqi nümunələrinin təqdim olunması ilə davam edib. Musiqi proqramı iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir zamanı qonaqlar sərgidə nümayiş olunan nəşrlərlə daha yaxından tanış olmaq imkanı əldə ediblər.