Belçikada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib
Belçikada fəaliyyət göstərən BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi ilə Belçikanın Valloniya bölgəsində yerləşən Verviers şəhər Konservatoriyasında Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə çıxış edən konservatoriyanın direktoru Bernard Lange bu cür mədəni təşəbbüslərin xalqlararası dialoqdakı əhəmiyyətini vurğulayıb.
BUTAM-ın rəhbəri Yasəmən Abbasi təşkilatın fəaliyyəti barədə məlumat verərək, Verviers Konservatoriyasının rəhbərliyinə göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib. Mədəniyyətlərarası əlaqələr üzrə belçikalı ekspert Mişel İvor isə Azərbaycan musiqisinin zəngin irsindən və onun beynəlxalq səviyyədə tanıdılmasının vacibliyindən bəhs edib.
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov öz çıxışında Azərbaycan mədəniyyətinin Avropada təbliğinin önəmini qeyd edib, həmçinin Azərbaycan və Belçika arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət istiqamətində inkişaf etməkdə olan ikitərəfli əlaqələr barədə qonaqlara ətraflı məlumat verib.
Yerli ictimaiyyətin nümayəndələri, belçikalı və əcnəbi qonaqlardan ibarət 150-yə yaxın iştirakçının qatıldığı tədbirdə BUTAM assosiasiyası tərəfindən Azərbaycan musiqisinin tarixi, görkəmli bəstəkar və ifaçıları, eləcə də muğam sənəti və milli musiqi alətlərimiz haqqında geniş təqdimat nümayiş olunub. Tədbir çərçivəsində Azərbaycanın milli musiqi alətləri – tar, kamança və qaval Verviers Konservatoriyasına hədiyyə edilib.
Proqramın bədii hissəsində Niderlandda yaşayan azərbaycanlı musiqiçilər – Sadıx Ağamalıyev, Emin Sadıxlı və Cavid Səlimovun ifasında milli musiqi nömrələri səsləndirilib. Eyni zamanda, Belçikada fəaliyyət göstərən "FireLand" Azərbaycanlılar Birliyinin rəqs qrupunun ifa etdiyi milli rəqslər qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Keçirilən tədbir Azərbaycanın zəngin mədəni irsinin Belçikada tanıdılması və iki ölkə arasında mədəni əlaqələrin daha da dərinləşməsi baxımından mühüm addım olmuşdur.