“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2026

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində rəsmi qəbul keçirilib.

Qəbulda Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxış etmişlər.

Səfir V.Sadıqov müsəlman şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini vurğulamış, dövlətçiliyimizin formalaşmasında xidmətləri olmuş şəxsiyyətlərin xatirəsini ehtiramla yad etmişdir. O, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin daim hörmətlə anıldığını qeyd etmişdir.

Səfir V.Sadıqov çıxışında beynəlxalq münasibətlər sistemində artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik fonunda diplomatiyanın və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinin daha da artdığını vurğulamışdır.

Bu çərçivədə səfir V.Sadıqov Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. O, cari ayda Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini və Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu bir daha nümayiş etdirdiyini bildirmişdir. Həmçinin, COP29-un uğurlu təşkili və iqlim maliyyələşməsi üzrə əldə olunmuş nəticələr Azərbaycanın qlobal iqlim gündəliyinə mühüm töhfəsi kimi qeyd edilmişdir.

Regional proseslərə toxunan səfir V.Sadıqov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş irəliləyişin tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. O, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında Sazişin imzalanmasının regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd etmişdir. Azərbaycanın humanitar təşəbbüslər və regional nəqliyyat əlaqələrinin təşviqi vasitəsilə etimad quruculuğuna sadiq qaldığı diqqətə çatdırılmışdır.

Daha sonra səfir V.Sadıqov Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-Belçika və Azərbaycan-Lüksemburq münasibətlərinin dinamik inkişaf etdiyini bildirmişdir. Avropa İttifaqının Azərbaycanın ən böyük xarici investoru olduğunu qeyd edən səfir enerji sahəsi ilə yanaşı, bərpa olunan enerji, nəqliyyat, logistika, bağlantı və rəqəmsal transformasiya kimi strateji istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulamışdır.

Çıxış zamanı Avropa İttifaqı ilə yüksəksəviyyəli siyasi dialoqun intensivləşdiyi vurğulanmış, Avropa Şurasının Prezidenti Antonio Koştanın və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın Bakıya səfərlərinin münasibətlərdə yeni mərhələnin göstəricisi olduğu diqqətə çatdırılmışdır.

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxışında müstəqilliyin qorunmasının güclü dövlət institutları və etibarlı müdafiə imkanları tələb etdiyini vurğulamışdır. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş siyasi və hərbi islahatların Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoyduğunu və nəticədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunduğunu qeyd etmişdir.

C.Hüseynzadə münaqişənin başa çatması və regionda sülhün təmin edilməsinin Azərbaycanın beynəlxalq arenada daha fəal rol oynamasına imkan yaratdığını bildirmişdir. Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Qara dəniz regionlarını birləşdirən unikal geosiyasi mövqeyinin, enerji resursları və tranzit potensialının ölkəmizə müstəqil və çoxşaxəli xarici siyasət yürütməyə imkan verdiyi diqqətə çatdırılmışdır.

Tədbirin mədəni hissəsində Avropa ölkələrində yaşayan peşəkar azərbaycanlı musiqiçilər və rəqqaslar, eyni zamanda gənc diaspora nümayəndələri çıxış etmiş, Azərbaycan milli mətbəxinin nümunələri qonaqlara təqdim olunmuşdur.

Qəbulda Belçika Xarici İşlər Nazirliyinin və Avropa İttifaqının nümayəndələri, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun üzvləri, NATO nümayəndələri, elm və incəsənət xadimləri, media nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti