2019-06-25
Azad Brüssel Universitetində dahi Nəsimiyə həsr olunmuş elmi kollokvium keçirilib

21 iyun 2019-cu il tarixində Azad Brüssel Universiteti, Şərq sivilizasiyası və dilləri institutu (İNALCO), Tətbiqi dilçilik mərkəzi (BİAL) və Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin birgə təşkilatçılığı ilə Brüsseldə Belçikanın aparıcı universitetlərindən biri olan Azad Brüssel Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli 689 nömrəli Sərəncamına əsasən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azad Brüssel Universitetinin konfrans zalında baş tutan elmi kollokvium “İmadəddin Nəsimi: Azərbaycan və dünya Ədəbiyyatı” mövzusu adı altında təşkil olunub.

Tədbirə tanınmış Avropa alimləri, Azad Brüssel Universitetinin ədəbiyyat departamentinin professorları Philippe Humble və Arvi Sepp, eyni zamanda Azərbaycan alimləri professor, görkəmli kulturoloq Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, görkəmli Nəsimişünaş Səadət Şıxıyeva və dilçilik üzrə fəlsəfə doktoru Aygün Eyyubova dəvət olunublar. Tədbiri Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov açaraq alimlərə və iştirakçılara öz təşəkkürünü bildirib.

Azad Brüssel Universiteti tərəfindən tədbirin posteri hazırlanıb və universitetin rəsmi internet səhifəsində bu haqda elan yerləşdirilib.

Tədbirdə çıxış edən alimlərin məruzələri həm Avropa alimləri, həm də dinləyicilər arasında böyük marağa səbəb olub. Tədbir zamanı iştirakçılara Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “İmadəddin Nəsimi” adlı kitab paylanıb. Kitablar eyni zamanda, Azad Brüssel Universitetinin kitabxanasına da təqdim olunub.

 D9AfM8xXoAIWTQg

növbəti xəbər əvvəlki xəbər