2019-06-07
Səfirliyinin yenicə istifadəyə verilmiş binasında Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi və səfirliyin yeni binasının istifadəyə verilməsi münasibətilə rəsmi qəbul və konsert keçirilib

2019-cu il iyun ayının 7-də Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin yenicə istifadəyə verilmiş binasında Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Səfirliyin yeni binasının istifadəyə verilməsi münasibətilə rəsmi qəbul və konsert keçirilib.

Tədbirin əvvəlində Azərbaycan, Belçika və Avropa İttifaqı himnləri səsləndirilib.

Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun başçıları və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla çoxsaylı qonaqların iştirak etdiyi tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 101-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb.

Azərbaycanın diplomatik xidmətinin təsis edilməsinin də məhz Cümhuriyyət dövrünə təsadüf etdiyini bildirən səfir F.İsgəndərov, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə onun dövlət orqanları sistemi, o cümlədən də Xarici İşlər Nazirliyinin formalaşdığını diqqətə çatdırıb, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərlikləri altında keçən ötən dövr ərzində diplomatik xidmət sahəsində qazanılmış uğurlardan  bəhs edib.

Daha sonra Səfir F.İsgəndərov Səfirliyin yeni binası haqqında qonaqları məlumatlandırıb, binanın indiki görkəminin əldə edilməsinə verdikləri töhfəyə görə tədbirdə iştirak edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Belçikanın görkəmli arxitektoru Filip Vanherreveqeyə, eləcə də digər şəxslərə öz dərin təşəkkürünü bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən səfir Azərbaycanın münaqişənin sülh yolu ilə, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu vurğulayıb.

Daha sonra Brüssel Kral Konservatoriyası nəzdində fəaliyyət göstərən “Danos” kvartetinin ifasında  Azərbaycan musiqisindən gözəl nümunələr səsləndirilib, konsert tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb.

Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.

Tədbir yerli və xarici KİV tərəfindən işıqlandırılıb.

növbəti xəbər əvvəlki xəbər