2019-04-02
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 4-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək. İclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

növbəti xəbər əvvəlki xəbər