2019-02-20
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında deyib.

2019-cu ilin Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacağını deyən G.Ottinger bildirib: “Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək”.

“Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir”, - deyə G.Ottinger əlavə edib.

növbəti xəbər əvvəlki xəbər