2019-01-19
20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib

Belçikanın Ham şəhərində 20 Yanvar Faciəsinin 29-cu ildönümü münasibətilə sərgi keçirilib. AR-in Belçikadakı Səfirliyi və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə şəhər ictimaiyyətinin, eləcə də Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

İlk öncə çıxış edən AR-in Belçika Krallığındakı səfiri Fuad İsgəndərov və NATO yanındakı Nümayəndəliyinin rəhbəri Qaya Məmmədov və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi 20 yanvar gününün Azərbaycan tarixində tutduğu önəmli yerdən bəhs edib, faciə günü olmasına rəğmən,  Azərbaycan xalqının milli azadlıq mübarizəsinin şanlı səhifəsini təşkil etdiyini vurğulayıb, Ham şəhərinin mərkəzində ucalan və Azərbaycan həqiqətlərinin beynəlxalq təbliğinə xidmət edən "Qarabağ Atı" abidəsinin Azərbaycan və Belçika xalqları arasındakı dostluğu təcəssüm etdirdiyini bildiriblər.

Ham şəhərinin meri Dirk De Vis öz çıxışında Ham şəhəri və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrini yüksək dəyərləndirdiklərini bildirib, Avropanın hazırki inkişaf səviyyəsinə çatanadək keçdiyi təlatümlü tarixi inkişaf yolu ilə Azərbaycanın keçdiyi inkişaf yolu arasında paralel aparıb, Azərbaycan xalqını öz tarixinin vacib səhifəsini belə dərindən anmasını yüksək qiymətləndirib və bunun ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan mənşəli belçikalı rəssam Əli Seyranın  20 Yanvar faciəsinə həsr olunmuş əsərləri də daxil olmaqla ölkəmizdən bəhs edən sərgisi keçirilib və nümayiş etdirilən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda ehsan süfrəsi açılıb.

Qeyd edilməlidir ki, AR-in Belçikadakı Səfirliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Ham Bələdiyyəsinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə müntəzəm olaraq tədbirlər keçirilməkdədir. Belə ki, 2017-ci ilin 25 mart tarixində Ham şəhərində Qarabağ atı abidəsinin açılışı keçirilib. Bununla yanaşı hər il mart ayında Ham şəhərində ənənəvi Novruz şənlikləri keçirilir.

20 yanvar 320 yanvar 1

növbəti xəbər əvvəlki xəbər