2018-06-30
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Bakı, 30 iyun, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərliyi ilə dini konfessiya təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti Brüsseldə Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı J.K Belliard Azərbaycanın mədəni zənginliyi haqqında danışıb və bildirib ki, Azərbaycan mədəni müxtəlifliyin idarə edilməsi sahəsində həm müsəlman dünyasına, həm də Qərb dünyasına nümunədir. O, Cənubi Qafqazda gedən proseslərdən danışaraq qeyd edib ki, ölkədə sabitliyin təmin edilməsi, bu sahədə əməli addımların atılması Azərbaycanı Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevirib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bildirib ki, Azərbaycan regionda sülhün tam şəkildə bərqərar olmasının tərəfdarıdır. Lakin təcavüzkar Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrə məhəl qoymadan işğalı davam etdirir və regionda sülhə təhdid yaradır.

Dini konfessiya nümayəndələri çıxış edərək işğal edilmiş Azərbaycan ərazilərində mövcud olan tarixi-dini abidələrin Ermənistan tərəfindən dağıdılması, təhqir edilməsi və erməniləşdirilməsini xüsusi vurğulayaraq qeyd ediblər ki, Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunub saxlanılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində dini liderlərin roluna toxunan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi 2017-ci ildə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin Moskvada erməni Qriqoryan kilsəsinin rəhbəri ilə görüşünü xatırladıb və diqqətə çatdırıb ki, bu günə qədər belə təşəbbüslər ancaq Azərbaycanın dini lideri tərəfindən irəli sürülüb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səyavuş Heydərov DQİDK tərəfindən ingilis dilində nəşr edilmiş “Azərbaycan multikulturalizmi dünyanın gözü ilə”, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin müəllifi olduğu “Azərbaycanda yəhudilərin həyatı” adlı kitabları və Dövlət Komitəsi tərəfindən hazırlanmış (ingilis dilində alt yazı ilə) “Fitnə” filmini J.K Belliarda təqdim edib.

Daha sonra Şərqi Stratkom İşçi Qrupunun nümayəndəsi Jakob Kalenskinin təqdimatı ilə “Dezinformasiya və onun nəticələri” mövzusunda seminar keçirilib. Təqdimat zamanı kütləvi informasiya vasitələri və sosial şəbəkələrin siyasi iradənin idarə edilməsinə təsirlərinə toxunan J.Kalenski bildirib ki, dezinformasiya vasitəsilə müxtəlif dinlər və mədəniyyətlər arasında qarşıdurma yaratmaq nümunələri mövcuddur. Seminar müzakirələrlə davam edib.

Azərbaycan nümayəndə heyəti, həmçinin Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq və İnkişaf Departamentinin insan hüquqları bölməsinin rəhbəri xanım Mersedes Qrasiya Perezlə görüşüb. Azərbaycanda dini etiqad azadlığının tam təmin olduğunu vurğulayan DQİDK-nın nümayəndəsi Rəfi Qurbanov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiya üzvlərinin nümayəndə heyətinin tərkibində təmsil olunması bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci ilin 11 iyun tarixli Sərəncamla Prezidentin Ehtiyat Fondundan 1,8 milyon manat maliyyə yardımının ayrıldığını diqqətə çatdıran R.Qurbanov əlavə edib ki, həmin maliyyə yardımları dini icmaların maddi-texniki bazasının yaxşılaşdırılmasına, eləcə də dini tolerantlığın gücləndirilməsi, dini radikalizmlə mübarizə istiqamətində icmalar tərəfindən həyata keçirilən maarifləndirici layihələrin icrasına sərf edilir.

Səfər proqramına əsasən Aİ-nin Xarici Siyasəti Xidmətinin təşkil etdiyi “Radikalizmə mübarizə” mövzusunda keçirilən “dəyirmi masa”da R.Qurbanov DQİDK tərəfindən ölkəmizdə dini radikalizmlə mübarizə sahəsində həyata keçirilən maarifləndirici tədbirlər haqqında məlumat verib və qeyd edib ki, hər il keçirilən maarifləndirici tədbirlərə minlərlə gənc cəlb olunur.

Sonda DQİDK tərəfindən nəşr edilmiş “Azərbaycan multikulturalizmi dünyanın gözü ilə”, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin müəllifi olduğu “Azərbaycanda yəhudilərin həyatı” adlı kitablar və Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” filmi Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsinə təqdim edilib.

növbəti xəbər əvvəlki xəbər