2018-06-28
Brüsseldə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Bakı, 28 iyun, AZƏRTAC

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və qurumun dəvəti ilə Brüsseldə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya üzvləri daxildir.

Nümayəndə heyəti səfər çərçivəsində ilk görüşünü Avropa İttifaqı-Azərbaycan ikitərəfli münasibətləri üzrə məsul Asunsion Sançez Ruiz və Azərbaycan, Belarus, Ermənistan və Şərq Tərəfdaşlığı bölməsi, NEAR Baş Direktorluğunun nümayəndəsi Yari Haapala ilə həyata keçirib.

Görüşdə Aİ-nin Azərbaycanla əlaqələrinin əhəmiyyətinə toxunan A.S.Ruiz ötən ilin noyabrında Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinə qatılan Prezident İlham Əliyevin səfərinin tərəflər arasında əməkdaşlığın daha da güclənməsinə təkan verdiyini vurğulayıb.

Sonra xanım Sançez diqqətə çatdırıb ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair mövcud razılaşmalara bir sıra yeni prioritet istiqamətlərin əlavə edilməsi üzərində işlər gedir.

Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadiyyat, idarəetmə, enerji və təhsil sahələrində mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən Yari Haapala diqqətə çatdırıb ki, bu əlaqələrin daha da genişləndirilməsi vacibdir. O bildirib ki, dövlət-din münasibətləri, dini tolerantlıq, mədəniyyətlərarası münasibətlər sahələrində nümunəvi təcrübəyə sahib Azərbaycanda Aİ-nin Tvininq proqramı vasitəsilə bir sıra uğurlu layihələr həyata keçirilib. Y.Haapala əlavə edib ki, dini tolerantlıq, dinlərarası dialoq və sülh şəraitində birgəyaşayışın qorunub saxlanılmasında Azərbaycanın apardığı dövlət siyasətini öyrənmək Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanın din sahəsində apardığı uğurlu siyasətin dünyəvilik və dini təməl prinsiplərinə əsasən tənzimlənməsi ilə birbaşa bağlı olduğunu vurğulayıb. S.Heydərov qeyd edib ki, ölkəmizdə formalaşan tolerantlıq ənənələri və multikultural dəyərlər bu gün dövlət siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Milli təhlükəsizliyin əsas elementlərindən biri kimi dini sahə, xüsusilə dini təhlükəsizliyin təminatı vacib məsələdir, - deyə Komitə sədrinin müavini əlavə edib.

Sonra nümayəndə heyətində təmsil olunan dini konfessiya üzvləri bildiriblər ki, bu gün Azərbaycanda mövcud olan dinlərarası və mədəniyyətlərarası harmoniya dövlətin apardığı uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın dini tolerantlığın gücləndirilməsi sahəsində əldə etdiyi təcrübənin digər ölkələrdə tətbiqinin araşdırılması üçün Aİ tərəfindən daha səmərəli addımların atılması vacibdir.

Avropa Xalq Partiyasının bir sıra üzvləri ilə keçirilən görüşdə mədəniyyətlərarası əlaqələr və dinlərarası dialoq üzrə işçi qrupunun həmsədri Yan Olbrayt, parlamentin Azərbaycan üzrə reportyoru, Avropa Parlamentində inkişaf komitəsinin üzvü xanım Zeljana Zovko, parlamentin üzvləri Pavel Svoboda və Aloj Peterle iştirak ediblər.

Xristian dünyasında kilsələr arasında fərqlərin dərinləşməsindən narahatlığını ifadə edən Yan Olbrayt məlumat verib ki, bu gün bəzi Qərb ölkələrində dini zəmində yaranan qarşıdurmalar regionda təhlükəsizlik təhdidlərinə səbəb olur. Diqqətə çatdırıb ki, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşma sahəsində əldə etdiyi uğurlu təcrübənin Avropa ölkələri tərəfindən öyrənilməsinə böyük ehtiyac var.

Azərbaycanın dövlət-din sahəsində Avropa İttifaqı ilə münasibətlərinin daha da gücləndirilməsinin tərəfdarı olduğuna toxunan nümayəndə heyətinin rəhbəri S.Heydərov təklif edib ki, ölkəmizdə dini tolerantlıq dəyərlərinin qorunub saxlanılmasında aparılan dövlət siyasətinin daha geniş coğrafiyaya çatdırılması üçün Aİ və Azərbaycanın ekspert nümayəndələrindən ibarət platformanın yaradılması və müvafiq birgə araşdırmaların aparılması dinlərarası, millətlərarası, sivilizasiyalararası dialoqun, eləcə də əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə konkret mexanizmin - yol xəritəsinin işlənməsi məqsədəuyğun olardı.

Komitə sədrinin müavinin bu təklifi Aİ nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb və sözügedən istiqamətdə müvafiq pilot layihələrin icrası mümkün sayılıb.

Dövlət-din münasibətlərinin təkmilləşdirilməsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətinə toxunan S.Heydərov bildirib ki, ölkəmizdə dini təhsilin gücləndirilməsi, bu sahədə savadlı ilahiyyatçıların hazırlanması üçün Dövlət Komitəsinin tərkibində İlahiyyat İnstitutu yaradılıb. Sədr müavini vurğulayıb ki, İnstitutun yaradılması təcrübə və ekspert mübadiləsinin aparılması baxımında əlverişli olacaq. Bundan əlavə, S.Heydərov ölkəmizdə gənclər arasında dini tolerantlığın, mənəvi dəyərlərin təbliği məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsini qarşı tərəfin diqqətinə çatdırıb və vurğulayıb ki, bu məqsədlə Fond tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir.

Görüşdə nümayəndə heyətinin üzvləri Azərbaycanın sülhün tərəfdarı və təbliğatçısı olduğunu qeyd ediblər. Bərabərhüquqlu münasibətlərə əsaslanan əlaqələri dəstəklədiklərini vurğulayan nümayəndə heyəti qonşu Ermənistanın işğalçılıq siyasəti nəticəsində regionda sülhə və təhlükəsizliyə yaratdığı təhdiddən də bəhs ediblər.

Səfər çərçivəsində növbəti görüş Cənubi Qafqaz Nümayəndəliyinin sədri, parlamentin üzvü Səccad Kərim ilə keçirilib. O, Avropa Parlamentində Azərbaycan Respublikasının dövlət-din münasibətləri sahəsində əldə etdiyi uğurların müsbət qarşılanmasına toxunub.

Görüşdə Avropa Parlamentində Azərbaycanın əleyhinə qəbul edilən qətnamələrə toxunan DQİDK-nın sədr müavini S.Heydərov bildirib ki, həqiqəti əks etdirməyən həmin qətnamələr ölkəmizə qarşı qərəzli mövqeyin nəticəsidir. Biz istəyirik ki, əldə etdiyimiz uğurlar, Azərbaycanın multikulturalizm modelinin müxtəlif ölkələr tərəfindən öyrənilməsinin təşviqi istiqamətində Avropa Parlamenti tərəfindən əməli addımlar atılsın. Bu gün Azərbaycan təkcə enerji təhlükəsizliyinin təmin edilməsinə deyil, eyni zamanda, dünyada təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verir.

Brüsseldə yerləşən Molenbeek rayonunu ziyarət edən Azərbaycan nümayəndə heyəti oradakı məscid və mədəniyyət mərkəzi ilə tanış olublar.

növbəti xəbər əvvəlki xəbər