2018-06-02
Bakıda “Avropa şəhərciyi-2018” festivalı təşkil edilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində “Avropa şəhərciyi-2018” festivalı təşkil edilib. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən, Aİ üzvü olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Avropa ölkələrinin Azərbaycandakı səfirlərinin Cümhuriyyətin 100 illiyi münasibətilə doğma dilimizdə təbriklərinin əks olunduğu videoçarx nümayiş etdirilib, Azərbaycan və Avropa İttifaqının himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev tədbiri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib: “Azərbaycan multikultural dəyərlərə malik, öz siyasətini mədəniyyətlərarası və dinlərarası dialoq üzərində quran bir ölkədir. Bu gün də ənənələr davam etdirilir və Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu bir məkana çevrilib. Aİ ilə Azərbaycan arasında həyata keçirilən layihələr əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək”.

Nazir qeyd edib ki, bu il festivalda ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənəti növlərini və kitab sərgisini nümayiş etdirir.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan hazırda əlaqələrini genişləndirir: “Biz təhsil, gənclər, kənd təsərrüfatı, mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçiririk. Bu layihələr xalqlarımızı, mədəniyyətlərimizi bir araya gətirir. Bir-birimizin dilini, mədəniyyətini öyrənmək tərəfdaşlığımızın genişləndirilməsinin əsasını təşkil edir. Festivalın keçirilməsində məqsəd Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Stendlərə baxın və Avropanı kəşf edin”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib.

Vurğulanıb ki, festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng hörülməsi üzrə ustad dərsləri, “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və digər tədbirlər nəzərdə tutulur. Bundan başqa, festivalın qonaqları “paelya” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il “Avropa şəhərciyi”nə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət milli “Dastan” brendinin kolleksiyasını təqdim edir. Bu il öz stendi ilə festivalda iştirak edən Azərbaycan Respublikası Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

Eyni zamanda, festivalda Respublika İncəsənət Gimnaziyası da təmsil olunur. Gimnaziyanın şagirdləri festival çərçivəsində gipsdən və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, iştirakçılar üçün dulusçuluq işi üzrə ustad dərsləri təşkil olunacaq. Ənənəvi olaraq, “Avropa şəhərciyi”ndə uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə xüsusi mükafatlar təqdim ediləcək. “Avropa şəhərciyi” qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaq.

Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.

növbəti xəbər əvvəlki xəbər