2018-11-03
Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib

Bu ilin 30 oktyabr tarixində Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik dialoqu keçirildi.

Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edirdi. Aİ nümayəndə heyəti Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov ilə görüşüb. 

Aİ nümayəndə heyəti Prezident Administrasiyasında Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev və digər rəsmilərlə görüş keçirib. 

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının bu ilin fevralında keçirilmiş 15-ci iclasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə ikitərəfli dialoq mexanizminin yaradılması barədə qərar qəbul olunub.   

Dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən terrorizm, separatçılıq və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik və digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı.  Həmçinin, görüş əsnasında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq və Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə töhfəsi qeyd olundu.

Tərəflər bir-birlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı öhdəliklərinə sadiq qaldıqlarını təkrar etdilər. Bildirildi ki, hal-hazırda danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaqdır.

Aİ tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıldı və vurğulandı ki, yalnız Azərbaycanın işğal edilmiş toraqlarının azad edilməsi və zor gücünə didərgin düşmüş insanların öz evlərinə geri qayıtması bölgədə davamlı sülh və dayanıqlı inkişafa gətirə bilər.

Tərəflər ilk dəfə keçirilən bu dialoqu münasibətlərində yeni bir məqam kimi dəyərləndirdi və dialoqun növbəti ildə davam etdirilməsi barədə razılığa gəldilər.

növbəti xəbər əvvəlki xəbər