2018-05-14
EurActiv: Bakının yeni İpək Yolu layihəsi Avropa ilə Şərq arasında körpü rolunu oynayacaq

Bakı, 14 may, AZƏRTAC

Avropanın ən tanınmış media portallarından olan “Euractiv” saytında “Bakının yeni İpək Yolu layihəsi Avropa ilə Şərq arasında körpü salacaq” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə mayın 9-da paytaxt Bakıda 400-nəfər nümayəndə heyətinin iştirakı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ev sahibliyi etdiyi Dünya Limanlar Konfransı barədə ətraflı məlumat verilir. Müəllif yazır ki, Asiya və Avropanı birləşdirən Bakı şəhəri XXI əsr İpək Yolu zəncirinin mərkəzində yerləşməklə Şərq və Qərb arasında həm ticari, həm də coğrafi görüş nöqtəsi rolunu oynayır. Böyük İpək Yolu üzərində yerləşən qədim Bakı şəhərinin Dubayın modelləşdirilmiş azad ticarət zonasına bənzər ticarət qovşağına çevrilmək planları barədə məlumat verilir.

Məqalədə Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Yohannes Hanın Bakıda keçirilən Dünya Limanlar Konfransının təntənəli açılışı zamanı konfrans iştirakçılarına videomüraciət edərək təşkilatın Bakının iqtisadi inkişafına dəstəyini davam etdirəcəyini bildirdiyi qeyd olunur. “Azərbaycanın Avropa və Asiyanı birləşdirmək baxımından çox gözəl imkanları var və o bunu çox gözəl həyata keçirir. Avropa İttifaqı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsinə öz dəstəyini davam edəcək", - deyə Han qeyd edib.

Müəllif Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə istinadən Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkətinin fəaliyyət göstərdiyini və Azərbaycana15 milyard dollardan çox investisiya yatırıldığını qeyd edir. Bildirilir ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji, nəqliyyat, ticarət və s. sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarındandır.

Məqalədə, həmçinin Dünya Limanlar Konfransı çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə Çinin "Lianyunqanq" Liman Holdinqlər Qrupu, "COSCO" Shipping Lines" MMC şirkəti və Quancou Limanı Administrasiyası arasında, eləcə də Hindistanın Mumbai Limanı ilə anlaşma memorandumlarının imzalandığı barədə məlumat verilir.

Müəllif paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışının baş tutacağını bildirir (limanın açılışı bu gün baş tutub). Bakı-Tbilisi-Qars dəmir yol xətinin istifadə verilməsinin həm Azərbaycanın, həm də bütün Cənubi Qafqaz regionunun nəqliyyat imkanlarını genişləndirməyə xidmət etdiyi vurğulanır.

Müəllif bildirir ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim “Euraktiv” saytına verdiyi müsahibəsində bildirib ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevlə Bakıda görüşü zamanı Aİ-ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirmək üçün böyük potensiala malik olduğunu söyləyib. O qeyd edib ki, Avropa İttifaqı onun üçün vacib olan iqtisadiyyatın şaxələndirilməsi prosesi baxımından Azərbaycandan enerji idxalını daha da artıra bilər.

növbəti xəbər əvvəlki xəbər