2018-05-09
Avrokomissar: Avropa İttifaqı Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək

Bakı, 9 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının komissarı Yohannes Han mayın 9-da Bakıda öz işinə başlayan Dünya Limanlar Konfransına (IAPH Baku 2018) ünvanlandığı videomüraciətdə bildirib.

Avrokomissar Bakıdakı konfransda şəxsən iştirak edə bilməməsindən təəssüfləndiyini, lakin bu vacib regional tədbirə videomüraciətini çatdırmasından məmnunluq hissi duyduğunu bildirib. O, yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə dövlətimizin başçısı İlham Əliyevi təbrik edib.

Yohannes Han deyib ki, Azərbaycan Avropa və Asiyanı birləşdirmək rolunda çox mühüm mövqe tutur. Avropa İttifaqı Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək. Bağlantılar 2020-ci il üçün ən əsas 20 məqsəddən biridir. “Biz keçən noyabr ayında Şərq Tərəfdaşlığı Sammitində təsdiqlədik ki, bu, iqtisadi inkişaf və insanları bir-birinə daha da yaxınlaşdırmaq, cəmiyyətləri daha güclü etmək və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq baxımından mühüm amildir. Sammitdə Avropa İttifaqı 2020-ci ilə qədər əsas Trans-Avropa Nəqliyyat (TEN-T) şəbəkəsinin genişləndirilməsinə 150 milyon avro məbləğində böyük yardım ayıracağını və bununla da bir milyard avrodan çox yatırım nəzərdə tutan uzunmüddətli investisiya planının həyata keçirilməsinə dəstək olacağını bildirib. Biz, həmçinin texniki yardım planlarını, təhlükəsiz, ekoloji və bazarın idarə edəcəyi nəqliyyat sisteminin yaradılmasına köklənən lazımi hüquqi və institusional islahatları dəstəkləyirik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) kimi beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq vasitəsilə mühüm infrastruktur layihələrinə investisiyalar edirik. Yeni xarici investisiya planı çərçivəsində fəaliyyət göstərən zəmanət mexanizmi özəl sektor yatırımlarının yönəldilməsində mühüm rol oynayır”, - deyə o əlavə edib.

Avrokomissar bildirib ki, bütün bu səylərimizdə kəsişən aspektləri nəzərdən qaçırmamalıyıq: “Tədbirin gündəliyində gender, multikulturalizm, logistika kimi mövzuların yer almasını alqışlayıram. 2020-ci il üçün 20 məqsəd çərçivəsində vətəndaşlarımıza real nəticələrin gətirilməsi həmişə Avropa İttifaqının diqqət mərkəzində olub. Sahibkarlıq və innovasiyaların təşviqi ilə nəqliyyatın əməkdaşlıq sahələrinin gətirdiyi faydalardan yararlanmaqda insan kapitalı və insanların iştirakı vacibdir. 2018-ci il nəticələrin çatdırılmasında mühüm ildir və mən sizinlə birlikdə bağlantılar sahəsində daha dərin əməkdaşlığa hazıram”.

növbəti xəbər əvvəlki xəbər