2018-04-12
Lüksemburqun “Fax” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib

Lüksemburqun AFEGİ media qrupunun gündəlik nəşri olan “Fax” qəzetində ölkəmizlə bağlı “Azərbaycan və Lüksemburqun işgüzar ictimaiyyəti: Lüksemburqda ölkə üzrə seminar və Bakıya səfər” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Lüksemburq Ticarət Palatasının Azərbaycana həsr olunmuş seminarından və seminarda regional nəqliyyat qovşağı kimi ölkəmizin rolundan geniş bəhs edilir.

Bildirilir ki, Lüksemburqun Gənc İş Adamları Federasıyası Lüksemburq Ticarət Palatası ilə birgə cari ilin iyunun 7-10-da 60 lüksemburqlu gənc iş adamının Azərbaycana səfərini təşkil etməyi nəzərdə tutur. Bu səfərin əsas məqsədi Lüksemburqun işgüzar ictimaiyyətini Azərbaycandakı biznes mühiti, xüsusilə də neft-qaz sənayesi, kürü istehsalı kimi Azərbaycan üçün spesifik sahələrlə tanış etməkdir.

Məqalədə Azərbaycanın təbii ehtiyatlarla zənginliyindən və böyük tranzit potensialına malik ölkə kimi rolundan geniş bəhs olunur. Vurğulanır ki, ötən il tikintisi başa çatan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin reallaşması Çindən Avropaya həyata keçirilən daşımaların müddətini 25-30 gündən 12-15 günə qədər azaldır. Beləliklə Azərbaycan əhəmiyyətli nəqliyyat qovşağına çevrilir.

Diqqətə çatdırılır ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı çərçivəsində sənaye parklarının yaradılması sənaye sektorunun inkişafına təkan verir. Pambıq, tütün, fındıq, çay, barama və digər ixrac yönlü məhsulların istehsalı artmaqdadır və aqro-parklar və böyük fermaların sayı çoxalmaqdadır. İnformasiya sektorunun inkişafını təmin etmək məqsədilə bu sahədə xidmətlərin keyfiyyəti və informasiya tranzit dəhlizi kimi ölkənin potensialı daha da inkişaf etdirilir. Elektron viza sistemi, vergidən azad-etmə sistemlərinin tətbiqi, eləcə də Avropa oyunları, Formula 1 yarışları kimi irimiqyaslı tədbirlərin təşkili ölkədə turizmin inkişafına töhfə verir.

Qeyd edilir ki, bütün bu faktorlar Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə əlaqəli infrastruktur layihələri və logistika sahəsində Azərbaycanı Lüksemburq şirkətləri üçün cəlbedici edir.

növbəti xəbər əvvəlki xəbər