2018-01-19
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub

Brüssel İncəsənət Sarayında 2017-2018-ci illər üzrə Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində “Bridges” film festivalının açılışı olub. Azərbaycanın “Nar bağı” filmi festivalda nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Azərbaycanın film sahəsində əldə etdiyi nailiyyətlərdən və mövcud ənənələrdən söhbət açıb, ailə faciəsindən bəhs edən “Nar bağı” filminin gözəl sənət nümunəsi olduğunu diqqətə çatdırıb.

Festival çərçivəsində rejissor və prodüserlərin iştirakı ilə konfrans keçirilib. Ölkəmizi konfransda təmsil edən “Nar bağı” filminin rejissoru İlqar Nəcəf Azərbaycan kinosunun tarixi, milli kinematoqrafiyamızın dirçəlişi və inkişafı barədə danışıb. O, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, xüsusilə milli mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyini qeyd edib.

Festival çərçivəsində nümayiş olunan “Nar bağı” filmini Avropa İttifaqı qurumlarının nümayəndələri, eləcə də Belçikadan olan çoxsaylı tamaşaçı auditoriyası izləyib. Film tamaşaçıların böyük marağına səbəb olub. Sürəkli tamaşaçı alqışlarının müşayiəti ilə yekunlaşan filmin nümayişindən sonra rejissor İlqar Nəcəf çoxsaylı sualları cavablandırıb.

növbəti xəbər əvvəlki xəbər