2017-05-31
Brüsseldə Respublika Günü və Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib

2017-ci il mayın 30-da Brüsselin nüfuzlu BOZAR İncəsənət Sarayında Respublika Günü və Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. 

Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində ilk öncə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 99 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb. Səfir daha sonra Belçika və Azərbaycan əlaqələrinin 25 illiyinin vacib hadisə olduğunu qeyd edib, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən olduğunu xatırladıb. O, ötən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq əlaqələrinin bərqərar olduğunu bildirib, siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına hər iki dovlətin rəhbərliyi tərəfindən verilən xüsusi dəstək barədə məlumat verib.

Belçika Xarici İşlər Nazirliyinin İkitərəfli əlaqələr üzrə baş direktoru xanım Anik Van Kalster isə öz çıxışında Belçikanın Azərbaycan ilə əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb, ölkələr arasında uğurlu iqtisadi əməkdaşlığın aparıldığını bildirib, ikitərəfli səfər mübadilələrinin əhəmiyyətini önə çəkib, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belçikaya səfərlərini xüsusi qeyd edib. 

Daha sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik-caz” qrupunun konserti baş tutub və ifa edilmiş musiqi parçaları tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb. Tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

     

növbəti xəbər əvvəlki xəbər