2017-05-10
Səfirlikdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

10 may 2017-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, NATO Yanında Daimi Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolunu xatırlayaraq, məhz Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulamışdır.

Səfir Fuad İsgəndərov Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin yenicə əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd etmiş və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əmin olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd etmişdir. 

növbəti xəbər əvvəlki xəbər