2016-12-09
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.

Gorüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparıldı. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verdi. O əlavə etdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır.

Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirən Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edəcəyini bildirdi. 

Elmar Məmmədyarov Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırdı. 

Münaqişənin həlli prosesində Avropa İttifaqının dəstəyi ilə aparılan xalq diplomatiyası tədbirlərinə toxunan Elmar Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çəkdi.

Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə etdi və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər