2016-05-31
Lüksemburqda keçirilən Respublika Günündə şəhid əsgərlərimizin xatirəsi anılıb

Lüksemburq, 31 may, AZƏRTAC

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, Lüksemburq-Azərbaycan Ticarət Palatasının və Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Səfirliyin siyasi işlər üzrə müşaviri Zaur Əhmədov tədbiri açaraq, mayın 28-nin xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazıldığını bildirib, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu xatırladıb. Z.Əhmədov ölkəmizin keçdiyi tarixi yoldan, Şərq və Qərb dəyərlərinin vəhdətindən, Azərbaycanda qadınlara Avropa ölkələrinin bir çoxundan xeyli əvvəl səsvermə hüququnun verilməsindən danışıb. Bildirilib ki, 1920-ci ildə Xalq Cümhuriyyətinin ömrünə son qoyulsa da, 1991-ci ildə müasir Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa edib.

Qeyd olunub ki, müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə layiqli yerini tutub. Azərbaycan bütün istiqamətlər üzrə sürətlə inkişaf edərək, regionda və dünyada baş verən mühüm siyasi və iqtisadi proseslərin fəal iştirakçısı olub. Həmçinin ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi diqqətə çatdırılıb, Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 98 illiyinin Lüksemburqda da qeyd olunmasının böyük əhəmiyyət daşıdığı vurğulanaraq, respublikamızın Avropa İttifaqı ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda strateji münasibətlərə böyük önəm verdiyi bildirilib.

Zaur Əhmədov Lüksemburqda keçirilən son məsləhətləşmələrdən söz açıb, iki ölkə arasında iqtisadi, ticari, mədəni, humanitar münasibətlərə dair geniş fikir mübadiləsi aparıldığını və telekommunikasiya, sərmayə yatırımı sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.

Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Lea Linster tədbirə gəldiklərinə görə iştirakçılara təşəkkür edib, ölkəmizə olan məhəbbətindən danışıb. Mədəniyyət Mərkəzində nümayiş olunan fotoları göstərərək, onların ölkəmiz haqqında daha geniş məlumat verdiyini vurğulayıb.

Mədəniyyət Assosiasiyasının baş katibi Eva Rodick Azərbaycanın suverenliyi və müstəqilliyi yolunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.

Sonra Mərkəzin həyətində aprel ayında şəhidlik zirvəsinə ucalan əsgərlərimizin xatirəsinə Azərbaycan bayrağının rənglərinə uyğun - göy, qırmızı və yaşıl şarlar havaya buraxılıb.

Daha sonra tədbir iştirakçıları “FOTO SƏRİN” fotoqrafiya məktəbinin təsisçisi və müəllimi, tanınmış fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım” adlı layihəsi əsasında təşkil olunmuş sərgiyə baxıblar. Orxan Aslanovun “Mənim Azərbaycanım” foto layihəsinin əsas məqsədi ölkəmizin gözəl məkanlarını, əlçatmaz dağlarını, tarixi və mədəni abidələrini, ümumiyyətlə, bütün gözəlliklərini geniş tamaşaçı auditoriyasına çatdırmaqdır.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, Lüksemburq-Azərbaycan Ticarət Palatasının və “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə təşkil olunan sərgi iyunun 10-dək davam edəcək.

Tədbirdə Lüksemburqun dövlət rəsmiləri, paytaxt ictimaiyyətinin nümayəndələri, Türkiyə və Rusiyanın səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, biznes, mədəniyyət və idman sahəsində tanınmış şəxslər, diaspor üzvləri iştirak ediblər. İştirakçılara Heydər Əliyev Fondunun Dağlıq Qarabağa, Şuşaya, xalçaçılıq sənətinə, musiqimizə və Azərbaycan təbiətinə dair nəşr etdirdiyi kitab və broşürlər hədiyyə olunub.

Sonda ziyafət verilib.

 

növbəti xəbər əvvəlki xəbər

 

bakushop