2016-02-29
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığın strateji müstəvidə inkişafında maraqlı olduğunu qeyd etdi və bu məqsədlə Strateji Tərəfdaşlıq haqqında saziş layihəsinin təşkilata təqdim edildiyini xatırlatdı.

Federika Mogerini Avropa İttifaqının Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirdi, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd etdi. Ali Nümayəndə həmçinin, sosial və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı, bu istiqamətdə Avropa İttifaqının texniki dəstəyinin davam etdiriləcəyini diqqətə çatdırdı. O, Azərbaycanın Aİ-nin regionda əsas ticarət tərəfdaşı olması üçün mühüm potensiala malik olduğunu dedi və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrinin təqdirəlayiq olduğunu vurğuladı. 

Görüşdə həmçinin, region ölkələrinin dəmir yollarını birləşdirəcək Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi cəhətdən hər iki tərəf üçün faydalı olduğu qeyd edildi, bu istiqamətdə atılan addımların iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini əminlik ifadə olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi haqqında məlumat verərək güc tətbiq edərək dövlətlərin beynəlxaq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırdı. 

Federika Moqerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsilə münaqişənin həllinə töhfə verməyə çalışdığını bildirdi. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop