2016-02-26
Vaterlo şəhərində Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

26 fevral 2016-cı il tarixində Belçikada Xocalı Soyqırımının 24-cü ildönümü  ilə əlaqədar anım tədbiri keçirilmişdir. Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın  abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Səfir Xəzər İbrahim 26 fevral gününün Azərbaycan tarixinə dərin hüzn günü kimi qara hərflərlə yazıldığını və 24 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirmiş, habelə bu anım tədbirinin Qarabağ şahzadəsi Xurşidbanu Natavanın abidəsi önündə qeyd olunmasının rəmzi məna kəsb etdiyini önə çəkmişdir.  

Daha sonra çıxış edən Azərbaycan diasporunun nümayəndəsi Xəqani Qayıblı  xalqımızın Xocalı soyqırımını heç vaxt unutmayacağını, Xurşidbanu Natavanın həyatında və yaradıcılığında özünü qabarıq göstərən kədər və nisgil duyğularının bu gün anılan faciə ilə bağlı keçirdiyimiz hisslərlə uyarlıq təşkil etdiyini söyləmişdir.

Sonda tədbir iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoymuşlar. 

növbəti xəbər əvvəlki xəbər