2016-02-10
Avropa İttifaqının aparıcı beyin mərkəzində Aİ-Azərbaycan münasibətlərinin strateji müstəviyə keçirilməsinin zəruriliyi vurğulanıb

08 fevral 2016-cı il tarixində Brüssel şəhərində Avropanın nüfuzlu beyin mərkəzlərindən olan “Avropa Siyasət Mərkəzi”ində (European Policy Centre – EPC) “Azərbaycan – Aİ münasibətləri. Çağırışlar və imkanlar (Azerbaijan – EU relations. Challenges and opportunities) adlı müzakirələr keçirilmişdir.

Tədbirin panel müzakirələrində çıxış etmək üçün Avropa Xarici Siyasət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru, ABŞ-ın Con Hopkins Universitetinin professoru Svante Kornel, Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq əlaqələr kafedrasının müdiri Muxtar Hacızadə və “The Caucasus İnterface” konsaltinq şirkətinin direktoru Mişel İvor dəvət olunmuşlar.

Tədbirin moderatoru “Avropa Siyasət Mərkəzi”nin aparıcı siyasi təhlilçisi Amanda Pol giriş nitqində, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın yeni ikitərəfli Saziş layihəsinin mahiyyətinin formalaşmasında xüsusi çəkiyə malik olduğunu, tərəflər arasında beynəlxalq təhlükəsizlik, terrorizm kimi regional təhdidlərə qarşı mübarizə sahəsində tərəfdaşlıq perspektivlərinin mövcudluğundan bəhs etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan hüquqlarının vəziyyəti ilə bağlı Aİ-nin bəzən ikili standartlardan çıxış etməsinin Azərbaycanın Aİ-yə olan etimadının zədələnməsi ilə nəticələndiyini bildirmişdir. 

Tədbir iştirakçılarını salamlayan Səfir Fuad İsgəndərov, Azərbaycan-Aİ münasibətləri haqqında qısa məlumat verərək, münasibətlərin birtərəfli təxəyyüllər əsasında qurulmasının nəticə vermədiyini, bundan sonra praqmatik yanaşma nümayiş etdirməyin vacibliyini vurğulamışdır. Belə bir tədbirin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana nəzərdə tutulan səfəri ərəfəsində baş tutmasının təsadüfi olmadığını bildirən səfir F.İsgəndərov, sözügedən səfərin Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsi üzrə məsləhətləşmələrə müsbət təkan verəcəyinə inam ifadə etmişdir.

Tədbir zamanı çıxış edən Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru S.Kornel Azərbaycanın sürətlə inkişaf edən, müasir və dünyəvi ölkə olduğunu qeyd edərək, ölkənin xarici siyasətinin prioritetlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini səsləndirmiş, Qərbin Azərbaycanda və ümumilikdə Cənubi Qafqaz regionunda yerləşən ölkələrin suverenliyinin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, Azərbaycanın isə öz nüvbəsində Avropa üçün etibarlı enerji təchizatçısı, həmçinin Qərblə Mərkəzi Asiya arasında nəqliyyat, enerji və hərbi logistika sahəsində körpü rolunu oynadığını vurğulamışdır.

Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Muxtar Hacızadə öz çıxışında, ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı tədbirlərlə Avropanın mədəni həyatının önəmli hissəsinə çevrildiyini qeyd edərək, ikitərəfli münasibətlərdə mövcud olan çətinliklərin, Avropanın Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla daha da artdığına diqqət çəkmişdir. 

Daha sonra çıxış üçün söz “The Caucasus İnterface” idarəetmə üzrə konsaltinq şirkətinin direktoru M. İvora verilmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri ilə bağlı Avropa ictimai-siyasi dairələrində yanlış təəssüratın olduğunu, işğal atında olan ərazilərin tarixən Ermənistan ərazisi kimi qəbul edildiyinin şahidi olduğunu və bu amillərin münaqişənin həllinə olan yanaşmaya təsir etdiyini bildirmişdir. M.İvor vaxtilə işğal olunmuş ərazilərə səfəri zamanı qondarma separatçı rejimin onun dolğun və dürüst araşdırma aparmasına mane olduğunu, bununla belə Ağdamda erməni vandalizminin nəticələrinin canlı şahidinə çevrildiyini etiraf etmişdir. M.İvor Ağdamdan məcburi köçkünlərin qəmli xatirələri əsasında videoyazı hazırladığını, həmin materialda münaqişə qurbanlarının öz doğma yurd-yuvalarına qayıtmaq arzusunun, habelə Dağlıq Qarabağın erməni icması ilə birlikdə yaşaya biləcəyi ilə bağlı ismarıcların öz əksini tapdığını bildirmişdir.   

Sonda çıxış edən Avropa Xarici Siyasət Xidmətinin rəsmisi D.Şubel Azərbaycanla bir çox sahələrdə praqmatik əməkdaşlığın yaradılması üçün real perspektivlərin olduğunu, hər iki tərəfin bu istiqamətdə qarşılıqlı addımlarının atılmasının vacibliyini vurğulamışdır. Üçüncü ölkə tərəfindən ikitərəfli Saziş layihəsinin təqdim olunmasının Aİ təcrübəsində ilk olduğunu, bu baxımdan Aİ-nin Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsinə maraqla yanaşdığını bildirmişdir. Yeni Saziş layihəsinin Azərbaycanla enerjinin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, terrorizm və beynəlxalq təhlükəsizlik, həmçinin dinlər və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağına inam ifadə etmişdir.  

Tərəflər arasında dialoqun effektivliyinin təmin edilməsində ünsiyyət mexanizmlərinin düzgün qurulmasının vacibliyinə diqqət çəkən D.Şubel bu istiqamətdə Aİ-nin Azərbaycana münasibətdə yeni strateji ünsiyyət vasitələrindən istifadə edəcəyini bildirmişdir. 

Müzakirələrdə çıxış edənlərin hər biri Aİ-Azərbaycan münasibətlərinin strateji müstəviyə keçirilməsinin zəruriliyini vurğulamış və yaxın zamanlarda bu istiqamətdə vacib addımların atılacağına ümid bəslədiklərini bildirmişlər.

Sonra məruzəçilər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.

Tədbirdə Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun, Aİ institutlarının və tədqiqat mərkəzlərinin nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak etmişlər. 

növbəti xəbər əvvəlki xəbər