2015-10-28
Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycanda məcburi köçkünlərlə görüşüb

Bakı, 28 aprel, AZƏRTAC

 

Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti aprelin 27-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün salınmış məhəllədə olub.

Məcburi köçkünlər üçün Azərbaycan dövləti tərəfindən yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə buraya gələn nümayəndə heyətini ərazidə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Abşeron və Zəngilan rayon icra hakimiyyətlərinin başçıları Zakir Fərəcov və Ramiz Həsənov qarşılayıblar.

Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemi ilə yaxından maraqlandığına görə Avropa Şurası Nazirlər Komitəsinin sədrinə təşəkkürünü bildirən Baş nazirin müavini Əli Həsənov qonaqların diqqətinə çatdırıb ki, istər Bakıda və Bakıətrafı ərazilərdə, istərsə də respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə 90 müasir qəsəbə və məhəllə salınıb, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin buna baxmayaraq hələ də 210 min nəfərdən çox məcburi köçkünün yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını bildirən Əli Həsənov deyib ki, Azərbaycan dövləti tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir və bu işlər sülh müqaviləsi imzalanana qədər davam etdiriləcək. O da bildirilib ki, bütün qəsəbələrdəki mənzillərdə olduğu kimi, ərazidəki 760 məcburi köçkün ailəsi də verilmiş mənzillərdə müvəqqəti məskunlaşdırılıblar və torpaqlar azad olunduqdan sonra onlar öz doğma yurdlarına qaytarılacaqlar.

Sonra qonaqlar Baş nazirin müavini Əli Həsənovun müşayiəti ilə ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanış olub, məktəblilərin ingilis dilində Belçika ilə bağlı verdikləri ətraflı məlumatlardan məmnunluqlarını ifadə ediblər. Nümayəndə heyəti, həmçinin məhəllədəki 280 yerlik uşaq bağçası, burada tərbiyə alan uşaqların əl işləri ilə tanış olaraq körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər.

Qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də yaxından tanış olublar. Zəngilandan məcburi köçkün Nurəddin Həsənovun mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.

Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin dağıdıldığını, bunları ATƏT-in faktaraşdırıcı missiyasının da təsdiqlədiyini Avropa Şurası Nazirlər Komitəsi sədrinin diqqətinə çatdıran Baş nazirin müavini Əli Həsənov bunları dünyada zorakılıqların artması, ədalətsizliyin hökm sürməsi, əsassız münaqişələrin yaradılması ilə əlaqələndirib. Bildirib ki, bütün bunlar dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir. Məhz bu cür halların, həmçinin regionlarda toqquşan maraqların nəticəsidir ki, hər il dünyada münaqişə zonalarının, qaçqın və məcburi köçkünlərin sayı artır. Əgər 30-40 il bundan əvvəl dünyada qaçqınların sayı 15-20 milyon idisə, bu gün onların sayı 60 milyondan çoxdur, münaqişə zonaları olan ölkələrin sayı ildən-ilə artır.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanın ən əsas və bir nömrəli problemi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkün problemidir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən müddət ərzində heç bir irəliləyişə nail ola bilməyib. Bu da ondan irəli gəlir ki, bu qrupun həmsədr ölkələri vaxtında düzgün formalaşdırılmadığından onlar obyektivlikdən uzaq fəaliyyət göstərirlər. Həmçinin BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, İƏT və digər nüfuzlu beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi də bu qənaətə gəlinməsinə əsas verən amillərdəndir. O deyib ki, münaqişənin həllini Azərbaycanın və Ermənistanın özlərinin həll etməsinin mümkünlüyü fikrini ortaya ataraq konkret heç bir tədbir görməyənlər çox yanılırlar. Çünki Ermənistanın hazırkı rejimi Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlib. Onlar özlərini “qəhrəman” kimi qələmə verdilər, bu gün də fəxrlə dünya ermənilərinə deyirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ona görə də onlar heç vaxt razılığa gəlməzlər.

Sonra Avropa Şurası Nazirlər Komitəsinin sədri Didier Reindersin rəhbərlik etdiyi nümayəndə heyəti Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların ağır həyat şəraiti ilə tanış olub. Məcburi köçkünlərlə söhbət zamanı bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Onlar hamısı bir nəfər kimi dövlətimizin onlara göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edərək bu cür ağır şəraitə dözümlüklərini də Prezident İlham Əliyevə, onun yürütdüyü uğurlu daxili və xarici siyasətə inamları ilə əsaslandırırlar və bildirirlər ki, Ali Baş Komandanın əmri ilə hər an doğma torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırdırlar. Çünki onların öz ata-baba ocaqlarına qayıtmaqdan başqa heç bir istəkləri yoxdur.

Nümayəndə heyətinin rəhbəri məcburi köçkünlərlə söhbəti zamanı onu maraqlandıran məsələlərə də aydınlıq gətirib, səlahiyyətləri çərçivəsində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Sonda Baş nazirin müavini Əli Həsənov qonağa bildirib ki, biz heç bir dövlət və təşkilatdan nə isə xahiş etmirik, hamının ədalətli olmasını istəyirik. Bu gün dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Əgər bütün bunlar baş verirsə cəmiyyətdə necə demokratik prinsipləri şəffaf formada həyata keçirmək olar? Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir”.

növbəti xəbər əvvəlki xəbər