2015-04-30
Bakıda Azərbaycan-Belçika biznes forumu keçirilmişdir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

 

Azərbaycan və Belçika arasındakı investisiya, sənaye, kənd təsərrüfatı və digər qeyri-neft sektorlarında əməkdaşlığı genişləndirmək lazımdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Belçika biznes forumunda bildirib.

“Avropanın inkişaf etmiş ölkələrindən olan Belçika ilə əməkdaşlıq azərbaycanlı iş adamları üçün böyük fayda verəcək”, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, müştərək biznes-forum, eləcə də Azərbaycan və Belçika şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər işgüzar münasibətlərin genişlənməsi üçün yaxşı şansdır.

Nazir müavini qeyd edib ki, Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlığa davam edir və ölkəyə yönələn xarici investisiyaların 50 faizdən çoxu Avropadan, o cümlədən Belçikadan gəlir.

“Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 30 faizə qədər artıb, 2015-ci ilin birinci rübündə isə artıb 66 faiz olub”, - deyə S.Babayev vurğulayıb.

O, Belçika və Azərbaycan arasında son iki ildə beşinci müştərək tədbirin keçirildiyini qeyd edərək, ölkələr arasında 7 sazişin olduğunu, onlardan 3-nün iqtisadi sahədə imzalandığını bildirib: “Bu sazişlər ölkələrimiz arasında iqtisadi münasibətlərin davamlı inkişafı üçün normativ bazadır”.

növbəti xəbər əvvəlki xəbər