2015-06-29
“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

Bakı, 28 iyun, AZƏRTAC

Son 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.

Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Mərasimin keçirildiyi, birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu yenə də izdihamlı idi. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verirdi. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, “Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. “Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi” - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.

Stadionda hamı öz yerini tutub: mərasimin təşkilatçıları və iştirakçıları da, idmançılar və tamaşaçılar da. Sonuncuların simasından, əhval-ruhiyyəsindən belə məlum olurdu ki, 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışı onların ürəyincə olub. Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxmışıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir. İdman həvəskarlarını, Bakı sakinlərini bağlanış mərasiminə gətirən əsas amillərdən biri də bu idi: qələbədən doğan sevinc və iftixar hissləri. Bu hissləri stadiona toplaşan on minlərlə insanın hər birinin simasından oxumaq olardı.

Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də bənzərsizliyi, genişliyi ilə diqqəti çəkirdi. Əsas və yardımçı səhnələr buta formasında işlənib və LED diodları ilə işıqlandırılıb. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, stadionda 800 səsgücləndirici quraşdırılıb. Bir sözlə, təşkilatçılar maraqlı və yaddaqalan bağlanış şousu hazırlayıblar.

Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu belə ifadə edib: Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və yaranan ahəngdarlıq bizi ilhamlandırır. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirdi. Bu axşam Oyunların uğurunu və idmançıların zəfərini qeyd edirik. Odlar Yurdu Azərbaycan öz alovunu dünya ilə bölüşdü. Onun işığı hamımızın qəlbində yaşayır.

Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.

Bağlanış mərasimi stadionda şeypurların səsləndirilməsi ilə başladı. Nəzərlər Prezident lojasına yönəldi. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkini, Lixtenşteyn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini hərarətli alqışlarla salamladılar.

Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.

Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycanın dövlət himnini yeni simfonik aranjemanda ifa edir.

Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldılır. Bu məqamda idmançılarımızın ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 21 dəfə yüksəyə ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayırıq.

Mərasimin “Transformasiya” adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birilərinin ritm və enerjisinə cavab verirlər. Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.

Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. Stadionda qurulan “Qız qalası”nın divarları aralanır və tamaşaçının gözü qarşısında Bakının yeni rəmzi olan “Alov qüllələri” canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.

Stadionun ekranlarında qısa film nümayiş olunur. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12.500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidir.

Arenada “Çal-oyna” xalq mahnısının melodiyası eşidilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletin şərəfinə səslənən bayram havası təsiri bağışlayır. Mahnının sədaları altında stadiona bayraqdaşıyanlar daxil olurlar. Onlar iki cərgədə qarşı-qarşıya hərəkət edirlər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə ilk Avropa Oyunlarının ev sahibi Azərbaycanın bayraqları dalğalanır. Uşaq xorunun üzvləri sülh və birlik rəmzi olan su zanbaqlarını komandaların bayraqdarlarına verirlər.

İdmançılar tribunaların önündən keçirlər. Tamaşaçılar “Bakı-2015”in iştirakçı ölkələrinin nümayəndələrini alqışlayırlar.

Təbii ki, Azərbaycan idmançılarının payına daha çox alqış düşür. Bu da təsadüfi deyil. İdmançılarımız birinci Avropa Oyunlarında sözün əsl mənasında tarix yazmağa nail oldular. Onlar yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandılar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.

İdmançıların birlik və dostluq rəmzinə çevrilən paradı başa çatdı. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tutdular.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Məqaləni tam oxu

növbəti xəbər əvvəlki xəbər

 

bakushop