2015-06-16
Lüksemburqda Azərbaycanın gənc qadın rəssamlarının sərgisi

İyunun 15-də Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında “Odlar yurdunun min bir rəngi” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin rəsmi açılışı olmuşdur.

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılır.

Mərasimi assosiasiyanın birinci katibi Eva Rodik açaraq bu mədəniyyət tədbirinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirin təşkilatçısı, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış edərək tədbirin məqsəd və məramı barədə məlumat verib. Qeyd edib ki, layihənin məqsədi Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır. Təsadüfi deyil ki, nümayiş olunan əsərlər içərisində Qarabağ mövzusu xüsusi yer tutur.

Ş.Nağıyeva bildirib ki, Bakıda keçirilən möhtəşəm Avropa oyunları və bu oyunlarda Azərbaycan idamnçılarının uğurları barədə danışıb və rəssamlarımızın “Baku 2015: Avropa oyunları” mövzusunda da rəsmlər təqdim etdiyini qeyd edib.

Əsərləri nümayiş olunan gənc rəssamlar Nərminə Vəlieva, Şəhla Qəhrəmanlı və Günay Həsənova qonaqları salamlamış, bu layihənin reallaşmasına dəstək verən hər kəsə təşəkkür etmişlər.

Sərgi iyun ayının 20-dək davam edəcək.

növbəti xəbər əvvəlki xəbər