2016-05-13
Səfir Fuad İsgəndərovun "POLITICO" xəbər portalına verdiyi müsahibə

1.      Cənub Qaz Dəhlizinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Bu Avropa bazarına aparan real yoldur. Bu sadəcə boru xəttləri deyil, nəqliyyat şəbəkəsi yaratmaq üçün əsl imkandır. Cənubi Qafqaz Avropadan Asiyaya və Asiyadan Avropaya aparan nəqliyyat yollarının kəsişdiyi nöqtədir.

2.      Cənub Qaz Dəhlizini Avropa İttifaqının (Aİ) Rusiyadan qaz asılılığını azaltmaq yolu kimi görən Aİ rəsmilərindən bu barədə nələr  eşitmisiniz?

Biz Rusiya ilə rəqabət aparmırıq. Bizim ixrac edəcəyimiz təbii qazın həcmi Rusiyanın Aİ-yə təmin etdiyi qaz həcminin 10%-ni təşkil edir. Bu layihə real alternativ yoldur, bütün çətinliklərə baxmayaraq, biz etibarlı tərəfdaşıq. Misal üçün, Trans Anadolu boru xəttinin (TANAP)  tikintisinin 80%-i artıq həyata keçirilmişdir, Trans Adriatik boru xəttinin (TAP) tikintisi nəzərdə tutulmuş vaxtda tamamlanacaqdır, Şah Dəniz  ll layihəsi ilə bağlı işlər də qaydasındadır.

3.      İqtisadi çətinliklər bu layihəyə təsir edəcəkmi?

Gəlin tarixə nəzər salaq. Biz 1990-cı illərin ortasında Bakı-Tbilisi-Ceyhan layihəsinə başlayarkən, bütün sənədlər imzalanan vaxt neftin 1 barrelinin qiyməti 19 dollar idi. Vəziyyət hər zaman dəyişir. Lakin irimiqyaslı və uzunmüddətli layihə haqqında danışarkən ümumi, gələcəyə yönəlmiş və strateji yanaşma nümayiş olunmalıdır. Elə buna görə də, layihənin həyata keçirilməsi istiqamətində maliyyə institutları da daxil olmaqla, müxtəlif Avropa institutlarından özümüzə qarşı dost münasibət görürük.

4.      10 milyard kub metrlik qazın Aİ-nin Rusiyadan asılılığını azaltmayacağı ilə bağlı deyilənlərə münasibətiniz nədir?

Boru kəmərləri gələcəkdə ötürüləcək qazın həcmini artırmaq imkanına malikdir. Boru xətti nə deməkdir? Bu sanki magistral yoldur. Siz onu inşa etmisinizsə, o demək deyil ki, ora dərhal avtomobil və yük maşınları ilə dolacaqdır. Lakin bu yol artıq mövcuddur, istifadə ediləcəkdir və gələcəkdə siz həmin yolda nəqliyyat tıxaclarını da görə biləcəksiniz. Boru xətti də bu cürdür.

5.      Bu yaxınlarda Ukraynanın enerji naziri bildirmişdir ki, Cənub Qaz Dəhlizinə çəkilən xərclər israfdır.

Bu həqiqətən də qəribə idi. Mən Ukraynanın narahatlığını anlayıram. Ukrayna müxtəlif layihələr üçün tranzit ölkə olmaq istərdi. Lakin biz heç kəslə rəqabət aparmırıq.

6.      Təhlükəsizlik təhdidləri və Cənub Qaz Dəhlizi ilə bağlı narahatlıqlarınız nədən ibarətdir?

Cənub Qaz Dəhlizinə başlıca təhdid həll olunmamış münaqişələrdir. Boru xəttinin Azərbaycan ərazisindən keçən hissəsi Dağlıq Qarabağda işğalçı orduların yerləşdiyi cəbhə xəttindən onlarla kilometr aralıdadır. Aprel ayının əvvəlində baş verən son hadisələr zamanı, gərginlik Ermənistan qoşunlarının təxribatı nəticəsində meydana çıxmış, lakin Azərbaycan ordusunun baş verənlərə cavabı güclü olmuşdur. Həmin vaxt biz anladıq ki, cavabımız sərt olmalıdır, çünki əgər biz bu hücumlara qarşılıq verməsəydik, bu kimi hallar dəfələrlə təkrarlanacaq və layihələrimizi təhdid altına salacaqdı.

7.      Azərbaycanda insan hüquqlarının vəziyyəti Cənub Qaz Dəhlizi layihəsinə təhlükə yarada bilərmi?

Düşünmürəm ki, Azərbaycanda vəziyyət digər Şərq Tərəfdaşlığı ölkələrindəki vəziyyətdən daha pisdir. Bir şeyi anlaya bilmirəm:Avropanın qonşuluqda - Afrika və Şərqdə yerləşən müxtəlif ölkələrlə enerji nəqliyyatı bağlantıları olub və var. Əmin deyiləm ki, onlar demokratik cəhətdən mükəmməldirlər. Lakin buna baxmayaraq, onlar hələ də Avropanın enerji siyasətinin gündəliyində qalmaqda davam edirlər. Hesab edirəm ki, bu layihə ilə insan hüquqları arasında əlaqə süni yaradılmışdır.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop