Doğumun Qeydə Alınması
Doğumun qeydə alınması

Ümumi məlumat

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparır.
Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
Valideynlərin arzusu ilə doğumun dövlət qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
Doğulan uşağın doğumunun qeydə alınması zamanı onun barəsində qeydiyyat aparılır və doğum haqqında şəhadətnamə verilir. Əkiz doğulan uşaqların doğumunun qeydə alınması zamanı onların hər biri barədə ayrıca qeydiyyat aparılır və hər birinə doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.
Doğulmuş uşağın valideynləri və ya onlardan biri doğum haqqında yazılı və ya şifahi məlumatları Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına verir. Doğulmuş uşağın valideynləri xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda doğum haqqında məlumat aşağıda göstərilən şəxslərdən biri tərəfindən konsulluqlara verilir:
1) qohumlar;
2) qonşular;
3) uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti;
4) digər şəxslər.

Doğum haqqında məlumat Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
6. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər.